2026-cı il üçün dövlət büdcəsinin layihəsinə verilən rəyin hazırlanması zamanı aparılan analitik təhlillər ciddi maliyyə uyğunsuzluqlarını üzə çıxarıb.
Gununsesi.info xəbər verir ki, məlumata görə, dövlət büdcəsi xərclərinin VBT-yə uyğun nəzərdə tutulmaması ilə bağlı ümumi uyğunsuzluq məbləği 236,3 milyon manat təşkil edir.
Bunun 160,4 milyon manatı birbaşa qanun layihəsinə təsir edən hissədir. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin büdcə layihəsində bu göstərici 82,9 milyon manat olub. Eyni zamanda iqtisadi təsnifat üzrə icmal büdcə xərclərində də 299,1 milyon manat məbləğində uçot uyğunsuzluğu aşkar edilib.
Rəylərin hazırlanması zamanı yerli qanunvericiliklə yanaşı beynəlxalq standartlar və fiskal diaqnostika alətlərinin tələbləri əsas götürülüb. Təhlillər nəticəsində dövlət maliyyəsi üçün risklər müəyyən edilərək onların aradan qaldırılması ilə bağlı tövsiyələr təqdim olunub. Ümumilikdə verilmiş tövsiyələrdən 45-i tam və ya qismən icra edilib.
Tövsiyələr əsasən “Büdcə zərfi”nin məlumatlılığının artırılması, dövlət büdcəsi haqqında qanun layihəsində dəqiqləşdirmələrin aparılması, “Büdcə sistemi haqqında” Qanuna dəyişikliklər, fiskal institutların gücləndirilməsi, eləcə də büdcə statistikası və uçotunun təkmilləşdirilməsi istiqamətlərini əhatə edib.
Bundan əlavə, əvvəlki illərdə dövlət büdcəsinin icrası ilə bağlı hesabat formalarının təkmilləşdirilməsi ilə bağlı verilmiş tövsiyələrin əksəriyyətinin yeni layihədə nəzərə alındığı bildirilib.
Maqsud












