223 Qarabağ müharibəsi əlili və şəhid ailəsi yeni mənzillərə köçüb

  • By admin
  • 09 Avqust 2016 14:45

ev

 

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə olunub. Bu ilin ötən dövründə 223 Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun inşa olunan yeni mənzillərlə təmin edilib.

Bu barədə Gununsesi.info-ya  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cari ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir olunan 53 ədəd mənzili, respublikanın 30-a yaxın rayonunda (Siyəzən, Şabran, Qusar, Şamaxı, Ağstafa, Qazax, Sabirabad, Biləsuvar, İmişli, Füzuli, Oğuz, Şəki, Ağcabədi, Tərtər, Zaqatala, Balakən, Tovuz, Ağdaş, Samux, Cəlilabad və s.) 116 ədəd fərdi yaşayış evini istifadəyə verməklə, 223 nəfər Qarabağ müharibəsi əlilini və şəhid ailəsini müasir tələblərə uyğun inşa olunan yeni mənzillərlə təmin edib.

Ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5455 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 5 min nəfərə yaxını məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir (Digərləri İkinci Dünya müharibəsi əlilləri, Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar və gözdən əlillərdir.) Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün respublikamızın müxtəlif  bölgələrində mənzil tikintisi işləri uğurla davam etdirilir.

Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatında əhəmiyyətli irəliləyişlərə imkan verib. Bunun əməli təsdiqi kimi, 2014-2015-ci illərdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1933 nəfər Qarabağ müharibəsi əlili, habelə müharibə əlilinə bərabər tutulan şəxs  “Naz-LİFAN” markalı avtomobillə təmin olunub ki,  bu da indiyədək  nazirlik tərəfindən avtomobil təqdim edilən şəxslərin (5750 nəfər) 33,6 faizini təşkil edir. Beləliklə də 2014-cü ilədək növbədə olanların avtomobillə tam təminatı həyata keçirilməklə, hətta 2014-cü il ərzində növbəyə dayananların bir qismi də avtomobillə təmin olunub.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə dövlət qayğısı həmin insanların sosial ödənişlərlə təminatında və bu ödənişlərin mütəmadi olaraq artırılmasında da aydın şəkildə təsdiqini tapır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Qarabağ müharibəsi əlilləri 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilirlər. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli Fərmanı ilə qeyd olunan şəxslərə Prezidentin aylıq təqaüdünün məbləği artırılıb.

Beləliklə də, Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdünün məbləği bu təqaüdün təsis edildiyi 2008-ci ildən bəri orta hesabla iki dəfədən də çox artırılıb. Bu təqaüdlə yanaşı, hazırda Qarabağ müharibəsi əlillərinin böyük əksəriyyəti əmək pensiyası, digərləri isə aylıq sosial müavinətlə təmin olunurlar. Eyni zamanda, dövlət başçısının digər bir Fərmanı ilə şəhid ailələrinin də hələ 2007-ci ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunmasına başlanılıb. 16 yanvar 2016-cı il tarixli Fərmanla həmin təqaüdün məbləği növbəti dəfə artırılıb. Ümumilikdə ötən müddətdə şəhid ailələrinə ödənilən Prezident təqaüdünün məbləği 2,2 dəfə artırılaraq 220 manata çatdırılıb. Cari ilin 01 iyul tarixinə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 26,2 min nəfərdən çoxunu  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri təşkil edib.

Bundan başqa, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir. 2016-cı ilin 01 iyul tarixinə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin uşaqlarından ibarət 17,9 min nəfərə yaxın uşağa, əmək pensiyası almaq hüququ olmayan 1,8 min nəfərə yaxın şəhid ailəsi üzvünə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət ödənilir.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin ali təhsil alan övladları da xüsusi diqqət və qayğı ilə əhatə olunublar.Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə imkan yaradıb. Dövlət başçısının 18 iyul 2016-cı il tarixli Sərəncamı ilə həmin insanların Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli təhsil alan övladlarının da təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Bütün əlillər kimi, Qarabağ müharibəsi əlillərinin də xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilir. Keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 400 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib. Həmin əlilliyi olan şəxslərdən bir hissini də məhz Qarabağ müharibəsi əlilləri təşkil edib.

Anar

Gununsesi.info