ABŞ Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu İsrailin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandırmağa cəhd edib. Belə ki, 25 yaşlı Aaron Buşnel Qəzza zolağında soyqırıma etiraz etmək qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, internetdə yayılan görüntülərdə forma geyinmiş bir gəncin özünü ABŞ Hərbi Hava Qüvvələrinin fəal üzvü kimi təqdim edərək “Mən daha soyqırımda iştirak etməyəcəyəm” deməsi əks olunub.
“Mən indi çox güclü etiraz aksiyası təşkil edirəm, lakin fələstinlilərin işğalçıların əlindən çəkdiyi əziyyətlər qarşısında mənim hərəkətlərim çox da fərq etmir”, – deyə hərbçi bildirib.
Sonra Buşnel üzərinə benzin töküb, od vurub və bir neçə dəfə ucadan “Fələstinə azadlıq!” deyə qışqırıb.
Diplomatik missiyanın təhlükəsizlik əməkdaşının da səsi eşidilir, o, əvvəlcə “ona kimsə kömək edə bilərmi?” deyə soruşur, sonra isə “Yerə uzan” əmrini verir. Bu zaman başqa bir polis deyir: “Bizə tapança yox, yanğınsöndürən lazımdır”.
Vaşinqton Yanğın və Təcili Tibbi Yardım Xidmətinin nümayəndəsi bildirib ki, yanğınsöndürmə idarəsinə yerli vaxtla saat 13:00 radələrində özünü yandırmağa cəhd barədə məlumat verilib.
“Hadisə yerinə gələndə gördük ki, uniformalı təhlükəsizlik əməkdaşları artıq yanğını söndürüblər”, – qurum qeyd edib.
Həmin hərbçi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlumata görə, ondan başqa heç kim xəsarət almayıb.
Gununsesi.info