26 fevraldan öncəki 31 mart

  • By admin
  • 30 Mart 2022 16:58
26 fevraldan öncəki 31 mart...
MM Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik.
104 il bundan öncə – 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrimizdə o vaxtkı Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox Azərbaycanlını amansızlıqla qətlə yetirmiş, on minlərlə insanı öz torpaqlarından qovmuşdur. Səbəb? – Səbəb “Böyük Ermənistan” köksüz xülyasının gerçəkləşdirilməsi istəyi idi. Dünya erməniliyi və havadarları bu xülyanı hərbi-siyasi,  ictimai-siyasi, dini-mədəni plan şəklinə salmışdı. Erməni başbilənləri tarixin müxtəlif mərhələlərində “Böyük Ermənistan” mifik ideyasını gerçəkləşdirmək üçün soydaşlarımıza qarşı etnik təmizləmə, köçə zorlama və soyqırım aktları həyata keçirmişdir. “Böyük Ermənistan” bugün də xülyadır lakin ermənilər və havadarları bizim günahsız qanımızı axıtmaqla, torpaqlarımızı zəbt etməklə tarixdəki ilk erməni dövlətini qurmağı bacardılar. Lakin tarixdəki ilk erməni dövləti yarandığı gündən özünü doğrultmamışdır və bugün daha aydın şəkildə görürük ki, müstəqil şəkildə yaşaya bilməz və bilmir…
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən sayılır. Həmin ağır günlərdə Bakı şəhərində, eləcə də, o vaxtkı Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Erməni olmayan yaxud ermənilərin qanunsuz aktlarına qoşulmayan hər kəs işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələrimiz yerlə bir edilmiş, yandırılmış, dağıdılmışdır. Xalqımızın qanına susamış vandallar mədəniyyət abidələrini, məscid və qəbristanlıqları yerlə-yeksan etmişdir. Sonrakı dönəmlərdə daha da azğınlaşan ermənilər erməni dövlətini qurmaqçün (bu tarixdəki ilk erməni dövləti olacaqdı) hər cür qeyri-insani əməlləri tətbiq etməkdən çəkinməmişdir. Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrimizdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirilmiş, dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir. Dinc azərbaycanlıların qırğınında toplam 10 min nəfərlik mütəşəkkil hərbi birliklər – Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, bədnam “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.
“Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi Azərbaycan Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. – Bu cümlələr Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzalamış olduğu “Azərbaycanlıların soyqırımı haqqında” Fərmandandır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə verilmiş Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər 30 mart 1999-cu ildə Tədbirlər Planını təsdiq etmişdir.
Sözügedən Fərmanın imzalanması və Tədbirlər Planının təsdiqi məsələ ilə bağlı aparılan elmi araşdırmalara, habelə həqiqətin üzə çıxarılması yönündə çalışmaların artırılmasına təkan verdi. Bu Fərmandan sonra həmin tarixin öyrənilməsi yönündə önəmli işlər görülmüş, sanballı əsərlər yazılmış və o əsərlərdən ən vacibləri xarici dillərə çevrilmişdir. Bəlli olmuşdur ki, 1918-ci ilin mart-aprel aylarında (və sonrakı dönəmlərdə) ermənilərin həyata keçirdiyi qanlı aksiyaların coğrafiyası daha geniş və faciə qurbanlarının sayı qat-qat çox olmuşdur. Ötən illər içində aparılmış araşdırmalarla bir çox yeni faktlar və sənədlər toplanmış, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır.
2007-ci ilin aprelində Qubada aşkarlanmış kütləvi məzarlıqdan tapılan insan cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda üzə çıxarılmış 500-dək insan kəlləsinin (onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aiddir) 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırım aktının qurbanlarına aid olduğu elmi şəkildə sübuta yetirilmişdir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılması haqqında Sərəncam vermişdir.
Memorial kompleks 2012-2013-cü illərdə tikilmiş və 2013-cü il sentyabrın 18-də rəsmi açılış mərasimi baş tutmuşdur. “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”. – Prezident İlham Əliyev Memorial Kompleksin açılışı zamanı demişdir.
Prezident Memorial Kompleksin açılışından 5 il sonra başqa bir Sərəncam vermişdir. 2018-ci il yanvarın 18-də imzalanmış “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam erməni-bolşevik silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlər haqqında həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədinə xidmət edirdi. Bu, Sərəncam Ulu Öndərin imzaladığı müvafiq Fərmanın, Tədbirlər Planının, habelə Memorial Kompleks haqqında Sərəncamdan irəli gələn işlərin davamı, soyqırım həqiqətlərin öyrənilməsi və öyrədilməsi kursunun arasıkəsilməzliyinin ifadəsiydi. Sərəncam əsasında Azərbaycan Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş Tədbirlər Planını hazırlayıb həyata keçirdi, həmçinin Milli Məclis soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclas keçirdi. Bir sözlə, Sərəncam erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət etdi.
2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsi nəticəsində azad olunmuş torpaqlarımızdakı kütləvi məzarlıqlar, vandallıqlar bir daha sübut edir ki, biz erməni faşizminə qarşı mübarizəmizi davam etdirməliyik. Hərb meydanında qazanılmış tarixi Zəfər elmi, siyasi, mədəni mübarizə ilə davam və inkişaf etdirilməlidir. Davam və inkişaf etdirilməlidir ki, bir də soyqırımlar, dağıntılar, vandallıqlar baş verə bilməsin.
DÖVLƏTİMİZ VAR OLSUN!
ŞƏHİDLƏRİMİZİN RUHUNA DƏRİN EHTİRAM!
Gununsesi.info