Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların) yaradılması işləri davam etdirilir.
AYNA-dan Gununsesi.info -ya verilən xəbərə görə, noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasında qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır. Bu ərazidən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.
“28 May” NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılıb, Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün zolaq salınıb. Bu yenilik NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkəti və sərnişinlərin rahatlığını təmin edəcək.
Azadlıq prospektində hərəkətin yenidən təşkili AYNA tərəfindən xüsusi proqram təminatı vasitəsilə simulyasiya da edilib.
Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır, burada geniş piyada zonaları və mikromobillik zolaqları salınıb, nişanlanma xətləri çəkilib, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılıb. Yenidənqurmadan sonra meydanda yaradılan şərait onu modern üslubda tərtib edilən və şəhərin görkəminə əlavə gözəllik qatan daha bir populyar ictimai məkana çevirməyə imkan verib.
Gununsesi.info