28 May Respublika Günü Mingeçevirdə qeyd edilib - FOTOLAR

28 may – Müstəqillik günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə “Ümummilli lider Heydər Əliyev – Müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz edən tarixi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirib. Konfransdan əvvəl Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ulu öndərin abidəsi önünə gül dəstələri qoyulub. Konfransı açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Müstqillik Günü ilə əlaqədar olaraq zala toplaşanları təbrik etmiş və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.

Qeyd etdi ki, çoxəsrlik tariximizin dövlətçilik salnaməsində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünyada gedən ictimai-siyasi proseslərin bir hissəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə cəmi 23 ay mövcud olmuşdur. Bu dövlətin yaradıcıları olan Azərbaycanın vətənpərvər oğulları qısa müddətdə milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər, 1918-ci may ayının 28-də Tiflis şəhərində Azərbaycanın «İstiqlal Bəyannaməsi»ni elan etdilər və respublikamızın müstəqilliyinin əsasını qoydular.

HTML tutorial

23 aylıq fəaliyyəti dövründə demokratik respublika xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin
etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, hökuməti, ordusu və pul vahidi ilə müstəqil, suveren bir dövlət idi. 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı.

Ulu öndər Heydər Əliyevin dediyi kimi; «Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üç rəngli bayrağını və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika, onun varisidir, bütün xalq onun varisidir».
Cənab Prezidentimizin bu barədə söylədiyi fikir də dəyərlidir:

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır”.

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və uzaqgörənliklə yerinə yetirməyə başladı. Bu isə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması demək idi. Ulu Öndərin apardığı ardıcıl, dönməz siyasət nəticəsində dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tam hüquqlu üzvünə çevrildi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikası Dövlət müstəqilliyinin elan olunmasını nəzərə alaraq 2021-ci il oktyabr ayının 15-də May ayının 28-nin Müstəqillik Günü elan olunması haqqında qanun qəbul etmişdir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il keçir. Bu gün İlham Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq gündən-günə inkişaf edir və qüdrətlənir.

Məruzə ətrafında “Azərbaycanda müstəqil dövlət quruculuğu Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının bariz nümunəsidir” məruzəsi ilə YAP Mingəçevir şəhər Təşkilatının sədri Cavanşir Yusubov, “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi edən tarixi şəxsiyyətdir” məruzəsi ilə “Tələbə” poliklinikasının baş həkimi Nurcamal Əsgərova, “Azərbaycanda həyata keçirilən demokratik islahatlar Ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsidir” məruzəsi ilə 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov, “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın uğurları ölkə Prezidenti cənab İlham Əliyevin düzgün və səmərəli rəhbərlik strategiyasının nəticəsidir” məruzəsi ilə MDU-nun “Mühəndislik” fakultəsinin “Fizika və ekologiya” kafedrasının müəllimi Aytac Cavadova çıxış etmişlər.

Elmi nəzəri konfransa yekun vuran Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün onun xəttinin qətiyyətli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. İşğaldan azad olunmuş ərazilərdə vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı gərgin işlər sayəsində abadlıq-quruculuq işləri tezliklə yekunlaşacaq, soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Ölkəmiz getdikcə qüdrətlənəcək və daha da inkişaf edəcəkdir. Bütün sahələrdə qazandığımız uğurlar Heydər Əliyev ideyalarının düzgünlüyünü, əbədiyaşarlılığını və qalibiyyətliliyini göstərir.

Gununsesi.info