29 xüsusi təyinatlımız Türkiyədə məzun oldu - FOTOLAR

  • By Günel
  • 07 Dekabr 2024 20:34
Çankırıda təşkil olunan mərasimdə 29-u azərbaycanlı olmaqla 223 xüsusi təyinatlı polis and içərək peşəyə başlayıb. Türkiyə Daxili İşlər Nazirliyinin Polis Baş İdarəsinin rəisi Mahmud Dəmirtaş, gənc polislərə “Vətənimiz sizə əmanətdir”- deyə müraciət edib.
Gununsesi.info Qaynarinfo – ya istinadən xəbər verir ki, Çankırı Şəhid Seyit Saraç Xüsusi Təyinatlı Polis Təlim Mərkəzinin 65-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Orhan Saka İdman Salonunda təşkil edilən tədbir ehtiram duruşu, Türkiyə İstiqlal Marşı və Azərbaycan himninin oxunması ilə başlayıb.
Mərasimdə 29-u azərbaycanlı olmaqla ümumilikdə 223 xüsusi təyinatlı polis and içərək xidmətə başlayıb. Təlim kursunu uğurla tamamlayan 10 məzuna protokol üzvləri tərəfindən xüsusi nişanlar taxıldı və sertifikatları təqdim edilib.
Polis Baş İdarəsinin rəisi Mahmud Dəmirtaş mərasimdə çıxışı zamanı deyib:
“Hörmətli gənc həmkarlarım, bu gün edəcəyiniz və ömrünüz boyu sadiq qalacağınız andla bu qədim təşkilatın bir üzvü olacaqsınız. Türkiyənin əmin-amanlığı üçün gecə-gündüz çalışacaqsınız. Son zamanlarda qonşu coğrafiyalarda baş verənləri nəzərə alaraq, əziz millətimizin sülh və təhlükəsizliyini təmin etmək yolunda ön cərgədə yer alacaqsınız. Vəzifənizi yerinə yetirərkən məzlumların və zərərçəkmişlərin yanında olacaqsınız. Dövlətimizin və demokratiyamızın təminatı olacaqsınız.
Hər zaman və hər şəraitdə bütün çətinliklərə qarşı daim hazır vəziyyətdə olacaqsınız. Peşənizi icra edərkən mədəniyyətimizin bizə miras qoyduğu dəyərlərdən əsla uzaqlaşmayacaqsınız. Hər zaman dürüst olacaq və doğruluqdan bir an belə ayrılmayacaqsınız. Zamanla qazandığınız təcrübə və bilikləri, cəsarət və bacarıqlarınızla birləşdirərək vəzifənizi polad bir zirehə çevirəcəksiniz. Bilin ki, vətənimiz, bayrağımız, dövlətimiz və millətimiz sizə əmanətdir.”
Vəzifələrini “polad bilək” olaraq davam etdirəcəklərini bildirən Xüsusi Təyinatlılar İdarəsinin rəisi Süleyman Karadeniz çıxışında bildirib:
“Türk millətinin xına yaxılmış oğulları, dövlətimizin polad biləyi, Xüsusi Təyinatlılar İdarəsinin cəsur övladları. Sizlər, aramıza qatılaraq bizə güc qatdınız. İnşallah, bundan sonrakı müddətdə də sizinlə birgə, həm Türkiyə torpaqlarında, həm də dövlətimizin bizə istiqamət verdiyi vəzifələrdə dünən olduğu kimi, bu gün və sabah da ürəkdən çalışaraq vəzifələrimizi alnımız açıq şəkildə yerinə yetirəcəyimizə heç bir şübhəm yoxdur.
Bizim vəzifəmiz dövlətimizin bizə verdiyi istiqamətdə, Türk millətinin başını əymədən, vəzifələrimizi ən yüksək səviyyədə icra etməkdir. Heç bir məbləğ bizim yerinə yetirdiyimiz müqəddəs xidmətin əvəzi ola bilməz. Bizlər, əcdadlarımızdan ilham alaraq, Türk millətinin bizə olan etimadını doğruldaraq bu coğrafiyada Türkün biləyinin bükülmədiyi bir xüsusi qüvvə olaraq fəaliyyətimizi davam etdiririk. Biz bu coğrafiyanın polad biləyi olaraq vəzifəmizi yerinə yetirməyə davam edəcəyik, Allahın izni ilə.”
Çankırı Şəhid Seyit Saraç Xüsusi Təyinatlı Polis Təlim Mərkəzinin müdiri Arif Özdemir isə məzunlara müraciət edərək qeyd edib:
“Hörmətli məzun yoldaşlarım, yolunuz milli və mənəvi dəyərlər uğrunda şəhadətə yetişmiş qəhrəman şəhidlərimizin, canını fəda etmiş igid qazilərimizin yoludur. Bu müqəddəs yolda Allaha başdan təslim olub, Onun razı qalacağı bir xətt üzrə vəzifələrinizi icra edərkən, dövlətə ata, vətənə ana, millətə qardaş, bayrağa isə şərəfim və namusum deyərək aldığınız təlim ilə mübarizə aparacaq və axıra qədər mübarizə edəcəyinizə inamımız tamdır.”
Tədbir məzunların ailələri ilə birlikdə yaşadığı qürur dolu anlarla sona çatıb.