3 milyon sərnişin metroda ödəniş ETMƏYİB

  • By admin
  • 06 Yanvar 2022 15:07

2021-ci ilin sərnişindaşıma dövrü koronavirus pandemiyası ilə əlaqədar olaraq, cəmi 7 aydan ibarət olub. Pandemiya şəraitində “COVID-19” infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində tətbiq etdiyi xüsusi karantin rejiminin mövcud sanitar-epidemioloji vəziyyətə uyğun yumşaldılması planına müvafiq olaraq, stansiyaların qapıları mayın 31-də açılıb.

“Bakı Metropoliteni” QSC-dən Gununsesi.info-ya verilən məlumata görə, həmin vaxt verilmiş qərara əsasən, metropoliten futbol üzrə UEFA Avropa çempionatının Bakıda təşkil olunan final mərhələsi oyunlarının keçirildiyi istirahət günləri istisna olmaqla, sentyabrın 27-nə kimi yalnız həftəiçi 5 gün sərnişin daşıyıb.

Yeni tədris mövsümünün əvvəlki illə müqayisədə daha çox əyani tədris üsulu əsasında başlaması ilə yeraltı nəqliyyat sərnişindaşıma fəaliyyətini tam formatda bərpa edib.

Ümumən qeyd olunmalıdır ki, pandemiyanın başlandığı 2020-ci ildə də metronun işinə zamanla bir sıra məhdudiyyətlər tətbiq edilib. 2020-ci il martın 29-31-də 3 gün ərzində qatarlar səhər 2 (07:00-09:00) və axşam 3 (17:00-20:00) saatlıq iş reşimi ilə, yəni qrafik üzrə nəzərdə tutulan 54 saatın əvəzinə 15 saat işləyib. Həmin il 3 dəfə sərnişindaşıma fəaliyyəti tam məhdudlaşdırılıb. Birinci dəfə aprelin 1-dən mayın 9-na kimi, ikinci dəfə iyulun 4-dən sentyabrın 14-dək sərnişin daşımayan Bakı metropoliteni həmin il sonuncu dəfə oktyabrın 16-da tam iş günü rejimində fəaliyyət göstərib. Sərnişindaşıma həyata keçirilən dövrlərdə isə iyun ayından başlayaraq, həftəsonları stansiyaların qapıları bağlı qalıb.

Beləliklə, 2020-ci ildə 198, 2021-ci ildə isə mayın 31-dək 150, daha sonra həftəsonları da nəzərə alınmaqla cəmi 179 gün sərnişin daşınmayıb. Ümumən, pandemiya dövründə Bakı metropoliteni 377 gün sərnişindaşıma prosesindən kənar qalıb.

2021-ci ilin yekunlarına gəldikdə, bildirilib ki, bu müddətdə daşınan sərnişinlərin sayı, 2022-ci il yanvarın 1-i səhər saat 06:00-a qədər olan məlumata əsasən, 90 milyon 232 min 427 (bunun 87 milyon 181 min 452 nəfəri ödənişli olmaqla) təşkil edib. Metropoliten sərnişindaşıma fəaliyyəti göstərdiyi 186 gün ərzində orta statistik hesabla gün ərzində 485 min 121 (468 min 717 ödənişli olmaqla) sərnişin daşıyıb. Ümumən, 2021-ci ilin bütün günləri nəzərə alınarsa, orta statistik gündəlik sərnişindaşıma 247 min 212 (238 min 853 ödənişli olmaqla) sərnişin təşkil edib.

Müqayisə üçün qeyd edək ki, metropoliten pandemiyadan əvvəlki sonuncu il – 2019-cu il ərzində 236 milyon 681 min 650 (o cümlədən 229 milyon 724 min 538 ödənişli) sərnişin daşıyıb. Bu isə orta gündəlik 648 min 443 (o cümlədən 629 min 382 ödənişli) sərnişin deməkdir.

Gununsesi.info