3 milyonluq dələduzluq faktına görə, həbs edilən dəstə üzvlərinin məhkəməsi başlayır. Gununsesi.info-nun xəbərinə görə, özlərini MTN əməkdaşları kimi təqdim edən dəstəni DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi həbs edib. Artıq dəstə üzvlərinin cinayət işinin istintaqı bitib və iş məhkəməyə göndərilib.
Xatırladaq ki, bir müddət əvvəl həbs edilən vətəndaş DİN-ə müraciət edərək özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Bakı şəhərində yaşayan Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və digər şəxslərin bu il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində zərərçəkmişin idarə etdiyi avtomobilin qarşısını kəsərək onu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədi ilə ələ keçirdikləri öz təsdiqini tapıb.
Daha sonra cinayətkar qrupun üzvləri həmin vətəndaşı metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra guya istintaqdan yayındırmaq məqsədi ilə Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri külli miqdarda vəsaiti öz aralarında bölən cinayətkar dəstənin üzvləri sonradan ölkənin hüdudlarını tərk ediblər.
Vətəndaşın müraciəti əsasında qaldırılan cinayət işi rəhbərliyin nəzarətinə götürülüb və keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə dəstə üzvlərindən 5 nəfəri saxlanılıb. Cinayətkar dəstənin digər üzvlərinin də tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir.