300-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olundu – FOTO

  • By admin
  • 06 Avqust 2021 14:46

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na bir qrup işəgötürən də öz dəstəyini ifadə edərək vakansiyalarını müvafiq e-sistemə daxil edib.

Gununsesi.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, marafona qoşulan işəgötürənlərin sayı artıq 375-ə çatıb.

180-ni dövlət, qalanı özəl müəssisə olan həmin işəgötürənlərin 221-i xidmət, 105-i emal, 32-i kənd təsərrüfatı, 17-si tikinti sahəsində fəaliyyət göstərir. İşəgötürənlərin bu marafon çərçivəsində e-sistemə daxil etdikləri vakansiya sayı isə 1607-ə çatıb. Həmin vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi də davam edir və marafon çərçivəsində işlə təmin edilən şəxslərin sayı da artaraq 367-ə çatıb. Onlardan 280-i qazi, 87-si şəhid ailəsi üzvüdür və əksəriyyəti 18-29 yaşlarında olan şəxslərdir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını linkə daxil olmaqla göndərə bilərlər.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün linkə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.