32 naməlum şəhid məzarının açılmasına qərar verildi – RƏSMİ

  • By admin
  • 03 Avqust 2021 19:36

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı eksqumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ediblər.

Bu barədə Baş Prokurorluqdan Gununsesi.info-nun  sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilmişdir.
Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyati ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

Gununsesi.info