34 milyard 173 milyon gəlir, 36 milyard 763 milyon xərc - 2024-CÜ İLİN BÜDCƏSİ BELƏ TƏSDİQLƏNDİ

  • By admin
  • 05 Dekabr 2023 12:50

Dekabrın 5-də Milli Məclis “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Gununsesi.info bildirir ki, layihəyə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat təşkil edəcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, (işğaldan azad edilən ərazilərə) Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi xərc istiqamətləri üzrə əsas prioritetlər kimi müəyyən edilib. O, bura “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın yerinə yetirilməsini də aid edib.

2023-cü ilin isə dövlət büdcəsinin gəlirləri 33 milyard 890.5 milyon manat, xərcləri 36 milyard 624.8 milyon manat proqnozlaşdırılıb.

Gələn ilin büdcəsində neftin bir bareli 60 dollar götürülüb. Elə bu il də bu rəqəm 60 dollar götürülmüşdü.

 

Gununsesi.info