4 ildən sonra ailəsi ilə görüşə bildi - YUNİS SƏFƏROV ÖVLADLARINA NƏ DEYİB?

  • By admin
  • 28 Avqust 2022 00:20

Hazırda Qobustan Qapalı Həbsxanasında cəza çəkən ömürlük məhbus Yunis Səfərovun ailəsi həbsindən 4 il sonra onunla görüşüb.

Bu barədə Gununsesi.info-ya Yunis Səfərovun anası Leyla İsmayılova bildirib.

HTML tutorial

Onun sözlərinə görə, oğlu ilə görüşə onun həyat yoldaşı və azyaşlı övladları da gedib: “ 3 iyul 2018-ci ildən  bəri Yunislə görüşümüzə imkan vermirdilər. Həbsdə olduğu 4 il ərzində onunla ilk görüşümüz oldu. İki azyaşlı övladı Yunisi 4 ildən sonra ilk dəfə görürdülər. Uşaqlar atalarını çox istəyirlər. Yunis uşaqlarla baxdığı filmlər, oxuduğu kitablar haqqında danışdı. Onlara hansı kitabları oxumaq lazm olduğunu dedi, övladlarına bəzi filmlərə baxmağı məsləhət gördü”.

L.İsmayılova oğlunun saxlandığı kameranın hədsiz dərəcədə kiçikliyindən narahatlığını ifadə edib: “Təsəvvür edin, iki nəfər bir darısqal otaqda qalır. Otaq o qədər dardır ki, Yunis namaz qılanda, canamazını qatlayır. Bir kiçik canamazın sığışmadığı otaqda iki nəfər necə yaşaya bilər?! Üstəlik, sanitarqovşaq da otağın içindədir. Yunis gün üzü görmür. Onu havaya çıxaranda da iki hündür divarın arasındakı 5 metr uzunluğunda, darısqal bir yerdə gəzdirirlər. Yunisi çölə çıxaranda, hündür divarlardan başqa heç nə görmür”.

Xatırladaq ki, Gəncənin o zamanki icra başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunaraq, tutulan Yunis Səfərova sonradan başqa ağır ittihamlar verilib və o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 1(101)-12812021 hökmü ilə  ömürlük azadlıqdan məhrumetmə cəzasına  məhkum edilib.

Günay Təhməzova

Gununsesi.info