“41 günlük aclıq orqanizmində ciddi fəsadlar yaradıb…” - Vəkil Bəhruz Bayramov

  • By admin
  • 18 Dekabr 2021 11:29

Xəbər verdiyimizə görə, Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı aclıq aksiyasını dayandırıb. Bu barədə Azərbaycan Tibb Univerisitetinin professoru, tibb üzrə elmlər doktoru, professor, S.Rüstəmlinin həkimi Adil Qeybulla bildirib.

O qeyd edib ki, S.Rüstəmli qida qəbul edib: “Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsində aclıq aksiyası keçirən dostumuz Saleh Rüstəmli ilə növbəti dəfə görüşdüm. Aclığın 41-ci günü idi. Aclıq aksiyasına Saleh bəyin səhhətində problemi olan qardaşı və bəzi fədakar şəxslər də qoşulmuşdu, bu isə Saleh bəyi xeyli narahat edirdi. O, heç kimin ona görə əziyyət çəkməsinə razı deyildi. Hazırda pandemiya davam etdiyindən onun yenidən COVID-19-a yoluxması zamanı indiki aclıq durumunda qorxulu fəsadların və səhhəti üçün arzuolunmaz situasiyanın yaranmasının qarşısını almaq məqsədilə Saleh bəydən təkidlə aclığı dayandırmasını xahiş etdim. Həqiqətən də istənilən an fors-majorla üz-üzə idik. Saleh Rüstəmli bütün deyilənləri anlayışla qarşıladı və aclığı dayandırdı. Ona duru yemək gətirildi və mənim nəzarətimlə qidanı qəbul etdi. Sonrakı qidalanma rejimi ona izah edildi. Bir həftədən çoxdur ki, Saleh bəyə parenteral dəstək müalicəsi aparılır. Onun səhhətinin sonrakı bərpası da nəzarət altında davam etdiriləcək. Bu prosesə səmimi dəstəyi olan bütün insanlara təşəkkür edirəm”, – o vurğulayıb.

Professor həmçinin, Saleh Rüstəmlinin komaya düşməsi barədə xəbərlərə də aydınlıq gətirib: “Ona gecə xüsusi yardım göstərilməsi ilə bağlı xəbərlər tam yanlışdır və əsası yoxdur. Onun səhhəti Ədliyyə Nazirliyinin Tibb İdarəsinin həkimlərinin və mənim nəzarətim altındadır. Saleh bəylə dövlət qurumlarının separat sövdələşməsi və ona nəyinsə vəd edilməsi ilə bağlı fikirlərin də heç bir əsası yoxdur. Bütün proses mənim iştirakımla baş verib. İlk addım atılıb, aclıq dayandırılıb, qarşıda Saleh bəyin səhhətinin bərpası məsələsi durur. Dövlətin ədalətinə ümidlə deyə bilərəm ki, lütfən hadisələri qabaqlamayaq”.

HTML tutorial

Qeyd edək ki, Saleh Rüstəmli 2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yolu ilə çirkli pulları yumaqda ittiham edilib. Saleh Rüstəmli ittihamları rədd edib və bildirib ki, qanuni əsaslarla işlədiyi Rusiyadan AXCP-nin həbsdə olan üzvlərinə ərzaq almaq və hüquqi yardım göstərilməsi üçün 3 il ərzində partiyaya cəmi 6-7 min manat pul göndərib.

Bu cinayət işi üzrə həbs olunan digər şəxslər – AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov 4 il, partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənov isə 3 il azadlıqdan məhrum ediliblər. AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov və Vidadi Rüstəmov şərti azadlığa buraxılıblar.

Rusiya vətəndaşı Saleh Rüstəmli Moskvada kiçik ticarətlə məşğul olub, mağazalar üçün ucuz ayaqqabıların satışı ilə məşğul olub. Yaxın qohumunun dəfn mərasimi üçün 2018-ci ildə may ayının 5-də Azərbaycanın Gədəbəy rayonuna qayıdıb, üç gün sonra hava limanına gedərkən yolda polis tərəfindən saxlanılıb və elə həmin gün narkotik maddələri saxlamasında ittiham olunaraq həbs edilib.

Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov bildirmişdi ki, ona qarşı irəli sürülən ittihamlar əslində Azərbaycanın yox, Rusiyanın cinayət işi qaldırmasını tələb edirdi: “Bizim Rusiya Federasiyasından sorğumuza aldığımız cavablarda bildirirdilər ki, Saleh Rüstəmli vergiləri vaxtında ödəyib, heç bir vergidən yayınma və ya qanunsuz sahibkarlıq fəaliyyəti olmayıb. Bundan başqa, Saleh Rüstəmli Azərbaycanda vergi ödəyicisi kimi qeydiyyatdan keçməyib və adına heç bir əmlak yoxdur. Biz məhkəmədə ittiham tərəfinin bütün ittihamlarını qanunlara istinad etməklə alt-üst etdik, amma məhkəmə bizim verdiyimiz əsasları qəbul etmədi. Buna görə də biz hökmü qanunsuz hesab edirik. İttiham aktında Saleh Rüstəmlinin AXCP-ə müxtəlif vaxtlarda ümumilikdə 700 min manat göndərdiyi iddia olunub. Saleh Rüstəmlinin mülkiyyətində Moskva şəhərində bir mənzil var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yeri icarəyə götürüb. Onun imkanı olsaydı, elə özünün obyekti olardı .Əgər 700 min manat göndərirsə, o zaman niyə başqa sahibkarlardan yer icarəyə götürürdü?”

Saleh Rüstəmli isə AXCP-yə 7-8 min manata yaxın məbləğdə maliyyə vəsaiti göndərdiyini etiraf edib. O, həmin pulları kiçik məbləğlərlə üç il müddətində siyasi məhbus ailələrinə yardım üçün göndərdiyini bildirib.

Məhbusun son durumuna gəlincə, vəkili Bəhruz Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, S.Rüstəmlinin səhhətində ciddi problemlər var: “Səhər saat 10.00 radələrində (görüş 17.12.2021 tarixində olub – red.) yanında idim. Görüşmək istədim. Həkimlər müayinə edirlər, eyni zamanda Qırmızı Xaç Komitəsinin nümayəndələri də gəlmişdi. Onlar da müayinə ediblər. Buna görə də, sadəcə, telefon vasitəsilə əlaqə saxlaya bildim. Dedi ki, çıxa bilmirəm. Müalicə davam edir. Həkimlərdən biri ilə görüşdüm. 41 günlük aclıq orqanizmdə ciddi fəsadlar verib.  Elə fəsadlar var ki, sonradan düzəlmə ehtimalı yoxdur. Normal şəraitdə aylarla müalicə lazımdır”.

Vəkil eyni zamanda, S.Rüstəmlinin azadlığa çıxması barədə yeni xəbər olmadığını qeyd etdi.

Gununsesi.info