44 günlük savaşda ərazi bütövlüyümüzü birdəfəlik həll etmək mümkün olsaydı İlham Əliyev bunu edərdi -QÜDRƏT HƏSƏNQULİYEV

Rusiya sülhməramlılarının Qaeabağdakı təxribatlarına görə bir sıra dairələr hakimiyyəti günahkar bilir.

Belə ki, səslənən iddialarda qeyd olunur ki, 2020-ci il noyabrın 10-da Ermənistan və Rusiya ilə atəşkəs haqqında üçtərəfli bəyanat imzalanmamalı və Qarabağ erməni ordusundan tam təmizlənməliydi.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

“Azərbaycan dövləti o adamların ağlı ilə hərəkət etsə bu dövlətdən heç nə qalmaz. O adamlar niyə düşünürlər ki,İlham Əliyevdən daha cəsarətli, daha təcrübəli və daha vətənpərvərdilər? Axı, ən yeni tariximiz bunun belə olmadığını dəfələrlə sübut edib. Əgər 44 günlük savaşda ərazi bütövlüyü məsələsini birdəfəlik həll etmək mümkün olsaydı İlham Əliyev bunu edərdi. İlham Əliyevin guya Türkiyə ilə məsləhətləşmədən üçtərəfli sazişi imzalaması barədə deyilənlər də cəfəngiyatdan başqa bir şey deyil. Belə açıqlamalarla onlar, yalnız özləri ağılda olan adamları çaşdıra bilərlər.

Bu gün utanmadan söyləyirlər ki, Türkiyə Ermənistanla hava yükdaşımalarına ona görə başlayıb ki, guya Azərbaycan 10 noyabr 2020-ci il tarixli sazişdə Türkiyənin iştirakını təmin etməyib. Türkiyə həmin ərəfədə Rusiya ilə intensiv işləyirdi və Azərbaycandan dəfələrlə böyük dövlətdir. Türkiyə bizim hüquqlarımızın tanınması üçün çalışırdı. Biz Türkiyə üçün gücümüz çatanı həmişə etmişik. Türkiyəni bu formada aşağılamaq olmaz ki, “incikliyə” görə düşmənlə əməkdaşlıq edir. 2016-cı ildən tam müstəqil siyasəti olan Türkiyə Azərbaycandan “narazı” olsa belə, heç vaxt bizim əleyhimizə olan hər hansı addımı atmaz. Azərbaycanla razılaşmadan heç vaxt belə bir qərar qəbul etməz. Bu qardaşlıq münasibətlərimizə kölgə salar, “Şuşa Bəyannaməsi”nin pozulması olardı. Azərbaycandan inciyən Türkiyə, ümumiyyətlə, “Şuşa Bəyannaməsi”ni imzalayardımı?

Xalqımız bilməlidir ki, ermənipərəst Qərb dairələrindən qidalanan və yönləndirilən bu şəxslər heç zaman düz söz danışmayacaqlar. Biz Qərbin dövlət idarəetməsini mənimsəməliyik, amma yaddan çıxarmamalıyıq ki, Qərb heç vaxt xristian Ermənistanın işğalçılıq siyasətini pisləməyib, onu işğalçı dövlət kimi tanımayıb, müxtəlif formalarda işğalı və separatizmi dəstəkləyir, Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etməsini istəmir və bizə mane olmağa çalışır.

Mətləb
Gununsesi.info