472 aztəminatlı şəxs pulsuz hüquqi yardımla təmin olunub

  • By admin
  • 18 Avqust 2021 14:51

“10 ay müddətində regionlarda 419 nəfər aztəminatlı şəxsə hüquqi konsultasiya xidməti göstərilib. 53 nəfərin məhkəmədə müdafiəsi həyata keçirib”.

Gununsesi.info xəbər verir ki, bunu hüquq müdafiəçisi Xalid Kazımov bildirib.

X.Kazımovun sözlərinə görə, 2020-ci ilin oktyabrından başlayan xidmət COVİD-19 pandemiyası dövründə aztəminatlı şəxslər üçün müstəsna əhəmiyyətli olub: “Ödənişsiz hüquqi yardım xidməti Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin həyata keçirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində dəstəklənib. Məcburi köçkünlər və digər aztəminatlı şəxslərin göstərilən xidmətlərə əlçatanlığını təmin etmək üçün müvafiq addımlar atılıb. Hüquqi yardıma ehtiyacı olanlar “qaynar xətt” (0702902299) xidməti,  e-mail  (huqugiyardim@gmail.com), “Facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz), “WhatsApp” hesabı vasitəsi ilə müraciət edə bilib. Fəaliyyət üç istiqamətdə həyata keçirilib. Xidmətin ilk istiqaməti kimi hüquqi yardıma ehtiyacı olan məcburi köçkünlər, o cümlədən digər aztəminatlı ailələrə hüquqi konsultasiya xidməti göstərib. Xidmət çərçivəsində 400 nəfərə hüquqi konsultasiya xidməti göstərilməsi nəzərdə tutulsa da, ümumilikdə 419 aztəminatlı şəxsə hüquqi konsultasiya xidməti göstərilib. Daxil olan müraciətlər Azərbaycanın 46 rayonundan və Bakının 11 rayonundan daxil olub. Hüquqi yardım göstərilən şəxslərdən 154 nəfəri  “WhatsApp”, 98 nəfəri “instagram”  90 “Facebook” səhifəsi, 77 nəfəri “Qaynar xətt” vasitəsi ilə müraciət edib. Müraciət edənlərdən 93 nəfəri sonradan ofisdə qəbul edilib.  Benefisiarlardan 234 nəfəri qadın olub.

Müraciətlər əsasən məcburi köçkün kimi yaşayış yeri ilə təmin olunması, aliment borcunun ödənilməməsi, əlilliyə və sağlamlıq imkanının məhdudluğuna görə təyin edilən təqaüdün dayandırılması, əmək, sosial,  səhiyyə, təhsil, vərəsəlik, mülkiyyət hüququ pozuntuları, elektron məhkəmə sistemindən istifadə, COVİD-19 pandemiyası zamanı əsassız tətbiq edilən cərimələrlə bağlı olub. Hüquqi yardım göstərilərək ərizə, müraciət hazırlanan şəxslərdən 125 iş üzrə bugünədək müsbət nəticə əldə olunub. Hüquqi yardım alan 108 nəfər hüquqlarının qorunması üçün özləri aidiyyəti üzrə müraciət edib”.

X.Kazımovun sözlərinə görə, xidmətin ikinci istiqaməti kimi aztəminatlı ailələrdən olan şəxslərin məhkəmədə müdafiəsini təşkil etmək olub: “Layihə çərçivəsində 50 nəfərin məhkəmədə müdafiəsinin təşkili nəzərdə tutulsa da, 53 nəfərin məhkəmədə müdafiəsi həyata keçirilib.

Hesabat dövrünədək qaldırılan məhkəmə iddialarından 22-si təmin edilib. 6 iddia tələbi təmin edilməyib. 22 iddia tələbi üzrə məhkəmə prosesi davam etdirilir. 3 hüquq pozuntusu ilə bağlı iddia ərizəsi yazılıb və sənədlər iddiaçılar tərəfindən toplandıqdan sonra məhkəməyə təqdim olunacaq. Benefisiarlardan 43-ü ilkin məhkəmə instansiyasında, 7-si apellyasiya məhkəmələrində, 3-ü isə kassasiya instansiyasında müdafiə edilib. Məhkəmə işləri aliment təyini və alimentin artırılması, “Müharibə Veteranı” müavinətinin “Müharibə Veteranı” vəsiqəsinin verildiyi tarixdən 3 il əvvəlki müddətdə hesablanması, müharibə əlilləri üçün müəyyən olunan sığorta vəsaitinin ödənilməsi, şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların doğum faktının tanınması məsələləri ilə bağlı olub.

Həmçinin, regionda daha çox rast gəlinən hüquq pozuntuları ilə bağlı 10 araşdırma yazı hazırlanıb. Yazılarda hüquq pozuntuları, həmin hüquq pozuntularının yaratdığı problemlər və həmin problemlərin həlli yolları öz əksini tapıb. Yazılar COVİD-19 pandemiyası dövründə işsizlərin hüquqları, pandemiya dövründə aztəminatlı ailələrin sosial hüquqlarının pozuntusu, sosial təminatı hüququ, Azərbaycanda miqrantların hüquqları, əlilliyə və sağlamlıq imkanının məhdudlaşdırılmasına görə təqaüdün dayandırılması, əlilliyin təyini ilə bağlı yeni qaydalar, məişət zorakılığı, erkən nikah problemi, əlilliyi olan şəxslərin təhsil hüququ və alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı olub”.

Gununsesi.info