49 dövlət qurumunda vətəndaş müraciətləri üzrə geniş monitorinq aparılacaq

  • By Admin2
  • 17 İyun 2026 16:18

Vətəndaş müraciətlərinə baxılmasının monitorinqinə başlanılıb.

Gununsesi.info xəbər verir ki, “Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi vətəndaşların müraciət hüququnun daha səmərəli təmin edilməsinə, dövlət orqanlarında müraciətlərə baxılması təcrübəsinin təkmilləşdirilməsinə, eləcə də bu sahədə qanunvericilik və institusional mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verməkdir.

Layihə çərçivəsində ölkənin 49 dövlət qurumunda – mərkəzi icra hakimiyyəti orqanlarında, onların regional bölmələrində, yerli icra hakimiyyəti orqanlarında, habelə dövlət adından yaradılmış və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxslərdə vətəndaş müraciətlərinə baxılması prosesinin monitorinqi aparılacaq.

Monitorinq zamanı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun, dövlət başçısının müvafiq fərmanlarının və digər normativ hüquqi aktların tələblərinin icra vəziyyəti qiymətləndiriləcək. Araşdırma müraciətlərin qəbulu, qeydiyyatı, icraya yönəldilməsi, cavablandırılması, arxivləşdirilməsi, eləcə də vətəndaş qəbulu proseslərini əhatə edəcək.

Layihənin mühüm komponentlərindən biri beynəlxalq müqayisəli təhlildir. Bu məqsədlə Türkiyənin CİMER sistemi, Estoniyanın elektron idarəetmə modeli, Gürcüstanın MyGov.ge platforması və Rumıniyanın dövlət-vətəndaş kommunikasiya mexanizmləri araşdırılacaq, əldə olunan nəticələr Azərbaycan təcrübəsi ilə müqayisə ediləcək. Müqayisəli təhlil mövcud sistemin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsinə, eləcə də innovativ həllərin tətbiqi imkanlarının qiymətləndirilməsinə şərait yaradacaq.

Layihə çərçivəsində vətəndaş müraciətlərinə baxılması sahəsində mövcud vəziyyəti əks etdirən geniş analitik hesabat hazırlanacaq. Hesabatda qanunvericilik, institusional idarəetmə və rəqəmsal transformasiya istiqamətləri üzrə konkret təklif və tövsiyələr yer alacaq və aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.

Monitorinq innovativ metodologiya əsasında həyata keçiriləcək. Araşdırma masaüstü təhlil, dövlət qurumlarına rəsmi sorğuların göndərilməsi, dərinləşdirilmiş müsahibələr, “gizli müştəri” üsulu ilə test müraciətləri, həmçinin vətəndaşlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə fokus qrup müzakirələrini əhatə edəcək. Bu yanaşma vətəndaş müraciətlərinə baxılması sahəsində real vəziyyətin obyektiv qiymətləndirilməsinə imkan verəcək.

Layihə çərçivəsində bir ictimai müzakirənin keçirilməsi, üç analitik məqalənin dərc olunması və iki internet televiziya proqramının hazırlanması nəzərdə tutulur.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, layihə rəhbəri Əliməmməd Nuriyev bildirib ki, vətəndaş müraciətləri dövlət-vətəndaş münasibətlərinin ən mühüm göstəricilərindən biridir:

“Vətəndaşın müraciətinə münasibət dövlət idarəçiliyinin keyfiyyətinin və insan yönümlülüyünün əsas indikatorlarından biridir. İnanırıq ki, monitorinq nəticəsində hazırlanacaq tövsiyələr həm qanunvericiliyin, həm də institusional fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcək, vətəndaşların dövlət orqanlarına etimadının daha da güclənməsinə xidmət edəcək.”

Layihənin nəticələrinin vətəndaşların operativ və keyfiyyətli cavab almaq hüququnun təmin edilməsinə, dövlət-vətəndaş münasibətlərində şəffaflığın, hesabatlılığın və qarşılıqlı etimadın güclənməsinə töhfə verməsi gözlənilir.

Gununsesi.info