Elxan Poluxova yeni vəzifə verildi

  • By admin
  • 14 May 2021 18:02

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Azərbaycan Karib Hövzəsi Ölkələri Birliyi (CARİCOM) təşkilatının yanında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən Gununsesi.info-ya verilən məlumata görə, bu barədə məktub CARİCOM-un baş katibi İrvin Laroka onlayn formatda təqdim edilib.

E.Poluxov bu təşkilatı regional təhlükəsizliyin gücləndirilməsində, demokratiyanın təşviqində əhəmiyyətli platforma kimi qiymətləndirib, rəsmi Bakının bu proseslərə töhfə verməyinə hazır olduğunu qeyd edib.

Azərbaycanın dünya arenasında özünə məxsus yer tutduğunu bildirən E.Poluxov, qlobal çağırışlara, humanitar böhranlara biganə qalmadığını, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə beynəlxalq təşəbbüslərə daim dəstək verdiyini diqqətə çatdırıb. Bundan əlavə regionda və ümumiliklə dünyanın hər bir guşəsində təhlükəsizliyin və əminəmanlığın vacibliyi xüsusi qeyd edilən, Azərbaycanın neçə illəridir ki, erməni təcavüzü ilə üz-üzə qaldığı, ölkəmizin böyük mənəvi və maddi zərbələrlə üzləşdiyi bildirilib və 44 günlük Vətən müharibəsinin nəticələrinə dair məlumat verib.

İ.Larok səfir E.Poluxovu təyinatı münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Baş katib Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlu təcrübəsini CARİCOM təşkilatı ilə bölüşdüyünə ümidvar olduğunu vurğulayıb. Hazırda bütün dünyanı narahat edən COVID-19 pandemiyası, ekoloji və təbii təhlükələr ilə birgə mübarizənin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı və faydalı əməkdaşlığın vacibliyi də qeyd olunub.

Qeyd edək ki, CARİCOM Karib regionunu təmsil edən on beş tam və beş əlaqəli (associate) üzv dövlətdən ibarət olan bir təşkilatdır. Beliz, Surinam və Qayana istisna olmaqla digər üzv ölkələr ada ölkələrdir və təşkilat çərçivəsində bir sıra mühüm məsələlərdə birgə mövqedən çıxış edirlər.

Gununsesi.info