5 il əvvəl ölən şəxsin adına borc gəldi -FOTO

5 il əvvəl vəfat edən şəxsin adına 187 manat məcburi dövlət sosial sığorta və 40 manat icbari tibbi sığorta borcu gəlib.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələdə yayılıb. Bildirilib ki, mesaj 2018-ci ildə vəfat edən Tovuz rayon sakini Həsənova Svet İslam qızının adına olan telefon nömrəsinə gəlib.

Bəs həmin şəxsin VÖEN-i bağlanmayıbmı? 

Məsələ ilə bağlı bu və yaranan digər suallarla bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumdan bildirildi ki, bu mesaj Dövlət Vergi Xidməti tərəfindən göndərilir.

Dövlət Vergi Xidmətindən isə sorğumuza belə cavab verildi: “Qeyd olunan VÖEN hesabındakı nömrə başqa adamın adınadır. Mesaj Əliyev Elşən Mustafa oğluna məxsus olan nömrəyə göndərilib. Ola bilər ki, bu nömrə ilə qeydiyyatdan keçib. Yəni göndərilən VÖEN başqa şəxsə məxsusdur. Məsuliyyət bu VÖEN-də olduğu üçün, mesaj da ona göndərilib”.

Mövzu barədə İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqə saxladıq. “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən icbari tibbi sığorta haqları üzrə yığımlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir: “Sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə yaranmış borcların alınması, sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması İqtisadiyyat Nazirliyi (Dövlət Vergi Xidməti) tərəfindən Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir”.

Gununsesi.info