5 mart – Bədən Tərbiyəsi və İdman Günüdür -FOTOLAR

  • By admin
  • 04 Mart 2021 21:57

Martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

Gununsesi.info xəbər verir ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb.2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.      Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib.

Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, habelə Formula-1 Azərbaycan Qran-prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi. Azərbaycan milli komandasının medalların sayına görə birinci Avropa Oyunlarında ikinci, IV İslam Həmrəyliyi Oyunlarında isə birinci yeri tutması ölkəmizin yüksək idman potensialının əyani göstəricisi oldu.

Bütün bu illər ərzində zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan  daha bir neçə mötəbər idman yarışına ev sahibliyi etdi.

Bu uğurlar Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.

Bu gün münasibəti ilə ölkəmizin adını bütün idman arenalarında yüksəklərə qaldıran idmançılarımızı təbrik edir, daim zirvələr arzulayırıq!

 

 

 

Gününsesi.info