“ASAN xidmət” əsas innovasiya brendi kimi Azərbaycan hökumətinin həyata keçirdiyi layihələr içərisində ən uğurlu layihədər.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Əli Məsimli Azərbaycan prezidenti İlham Əliyevin “ASAN Xidmət”-in fəliayyətinin səmərəliliyinin artırılması məqsədi ilə imzaladığı sərəncamı şəreh edərkən deyib.
Onun sözlərinə görə, bu xidmət “Elektron hökumət” layihəsinin mühüm tərkib hissəsi kimi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşmasında əvəzsiz rol oynayır. ““ASAN xidmət”in fəaliyyətinin əsas prinsipləri – operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. “ASAN xidmət” mərkəzləri dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası və elektron xidmətlərin təşkili prosesinin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən vahid bir tal halında hüquqi xidmətlər həyata keçirmək məqsədilə yaradılıb. Həmin istiqamətlərdə həyata keçirilən hüquqi xidmət əməliyyatları getdikcə genişlənir. “ASAN xidmət”in fəaliyyətini genişləndirmək və səmərəliliyini daha da artırlaq məqsədilə xidmət mərkəzlərinə qoşulan dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi və sair istiqamətlərdə işlər davam etdirilir”- deyə, millət vəliki bildirib.
O əlavə edib ki, həmin işlərin davamı kimi və sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı sərəncam imzalayıb: “Sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə beş milyon manat ayrılır. Bu kontekstdə xüsusi qeyd etmək lazımdır ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində vətəndaşların böyük rəğbətini qazanıb.Belə uğurlu layihələrə tələb olunan investisiyanı qoymaq lazımdır ki,fəaliyyti daha da yetkinləşsin.Bu baxımdan “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional islahatların uğurlu nəticəsi olduğundan, fikrimizcə bu sahəyə ayrılan dövlət vəsaiti itməyəcək və həmin xidmətin daha səmərəli fəaliyyətinə əlavə stimul verməyə xidmət edəcək”.
Mürtəza
Gununsesi.info