5 noyabrda keçiriləcək dövlət qulluğu imtahanına qeydiyyatla bağlı namizədlər arasında narazılıq yaranıb.
Gununsesi.info xəbər verir ki, imtahana qeydiyyat oktyabrın 2-də saat 15:00-da başlayıb. Lakin bəzi namizədlər həmin vaxt sistemə daxil olaraq qeydiyyatdan keçə bilməyiblər. Bir qədər sonra isə imtahan üçün yerlərin artıq dolduğu məlum olub.
Bu hal namizədlərdə suallar yaradıb. Onlar qeydiyyatın başladığı ilk dəqiqələrdə sistemə daxil ola bilmədiklərini və yerlərin çox qısa müddətdə dolduğunu bildirirlər.
Namizədləri maraqlandıran əsas sual budur ki, qeydiyyat saat 15:00-da başlayıbsa, yerlər niyə bu qədər tez dolub?
Hazırda sistemdə texniki problem olub-olmadığı və ya başqa səbəbin olub-olmadığı məlum deyil.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin açıqlama verməsi gözlənilir. Namizədlər qeydiyyat zamanı yaranan problemin səbəbinin açıqlanmasını istəyirlər.
Günay












