Sosial Xidmətlər Agentliyi tərəfindən ötən ildən tətbiqinə başlanan “Himayədar ailə” qayğı modeli çərçivəsində 5 uşaq himayədar ailələrə verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, valideyn qayğısından məhrum olmuş 5 qız uşağı üçün ümumilikdə 4 ailə “Himayədar ailə” olub.
Uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur.
Qanunvericiliyə əsasən himayədar ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.
0-6 yaş arası uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat);
7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat);
14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə tutulub.
Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin ediləcəklər.