50 milyard ianə etdiyi deyilirdi, həqiqəti danışdı -VİDEO

Ötən gün Türkiyədə zəlzələdən zərərgörən bölgələrə kömək məqsədi ilə Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə Tək Ürək” adlı ortaq canlı yayımı keçirilib. Proqram zamanı canlı yayıma zəng edərək yardıma qoşulanlardan biri də avtomobil salonu sahibi Hamit Duras olub.

Gununsesi.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqram iştirakçılarından professor Mustafa Karataşın Hamit Duras tərəfindən edilən ianəni açıqladığı anlar müzakirələrə səbəb olub. Belə ki, professor canlı yayımda qonşusu olduğunu bildirdiyi Durasın yardım üçün 50 milyard TL (4 510 000 manat) bağışladığını açıqlayıb.

Hamit Duras isə daha sonra açıqlama verərək “Köhnə pulla 50 milyard məbləğində dedim. Mustafa Karataş da həyəcanla bunu hər kəsə çatdırmış olub. Sonra isə sosial mediada müzakirə olundum. Mənim əsla özümü reklam etmək kimi bir fikrim yox idi”, – deyə bildirib.

Hamit Duras və oğlu Hüseyn Duras baş verənlərdən sonra telefon zənglərinin dayanmadığını deyib: “Mənim ianəm 50 min TL-dir (4 510 manat). Könül istərdi ki, o qədər pulumuz olsun və yardım edək. Mənim 9 yaşında nəvəm var. O da öz cib xərcini yardım üçün göndərib. Bu məni çox təsirləndirdi. Uşaqlar edirsə, biz niyə etməyək?!”

Gununsesi.info