51-dən çox bal toplayan müəllimin maaşına neçə faiz əlavə olunur? -RƏSMİ

  • By admin
  • 02 Fevral 2023 13:52

Ali təhsil müəssisələrinə qəbul zamanı yüksək bal toplayan gənclərin böyük əksəriyyəti müəllim peşəsinə üstünlük verir. Bu da müəllim peşəsinə hörmətin və əmək haqlarının artmasından irəli gələn məsələdir.

Bəs hazırda müəllimlərin maksimum maaşı nə qədərdir? Yüksək maaş alan müəllimləri digərlərindən fərqləndirən xüsusiyyətləri nədir?

Gununsesi.info xəbər verir ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AzEdu.az-a açıqlamasında müəllim ixtisasını seçən məzunların sayının hər il artan xətlə davam etdiyini bildirib:

“Bu gənclərin əksəriyyəti ali təhsil müəssisələrinə yüksək nəticə ilə qəbul olan şəxslərdir. 2019, 2020, 2021-ci illər ərzində müəllim ixtisasına müraciət edənlərin statistikası bizə məlumdur. Əsas tendensiya ondan ibarətdir ki, illər ötdükcə müəllim ixtisası daha artıq dəyər qazanmaqdadır.

Burada peşəkar karyera inkişafı daha uyğundur. MİQ imtahanında yüksək nəticə göstərən müəllim, bir neçə il keçdikdən sonra karyerasını inkişaf etdirib yüksək əmək haqqı ilə fəaliyyət göstərə biləcəyini anlayır. Bundan əlavə,  5 illik peşə fəaliyyətindən sonra onun hətta direktor kimi işləyə bilmək imkanları var. Bu üstünlüklər çox sadə qaydada müəyyən olunub. Bu imkanları əldə etməksə çətin deyil”.

Valehov onu da qeyd edib ki, müəllimlik sənəti əmək bazarında öz yerini asan tapmağı bacaran bir sahədir:

“Müəllimlər öz üzərində işləyib, özünü inkişaf etdirməklə bu sahədə daimi fəaliyyət göstərə bilərlər. Orta hesabla bir müəllim iş fəaliyyətinə 24-25 yaşda başlayır. Bu isə onu göstərir ki, bir şəxs  40 ilə yaxın müddətdə müəllim kimi çalışa bilər.

Prezident son illərdə müəllimlərin maaşının artması ilə bağlı sərəncam verib və bununla bağlı bir sıra sosial işlər görülüb. Sertifikasiyada 51-dən yüksək bal toplayan müəllimlərin maaşına 35 faiz əlavələr edilib. Daha aşağı nəticə göstərən şəxslər üçün bu rəqəm 10 faizdir”.

C.Valehov son olaraq qeyd edib ki, müəllim peşəsi  kifayət qədər çətin və məsuliyyətli sahə olsa belə, əmək bazarında öz dəyərini qazanıb-qorumağı bacarıb.

Gununsesi.info