Mingəçevirdə abadlıq-quruculuq işləri davam edir - FOTOLAR

  • By admin
  • 23 Sentyabr 2022 14:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi məqsədi ilə  imzaladığı müvafiq Fərmanlara əsasən ölkəmizin hər yerində olduğu kimi Mingəçevir şəhərində də tikinti-quruculuq işlərinin sahəsi genişlənir.

Şəhər icra hakimiyyətindən Gununsesi.info-ya göndərilən məlumata görə, abadlıq-quruculuq işləri  Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsi,  Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən Şəhərin Bayraq Meydanı, Xətai və Nərimanov küçələrində, Mənzil Kommunal Təsərrüfatı Kombinatı tərəfindən Energetiklər yaşayış massivində, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Bağlar yaşayış massivi ərazisində sürətlə davam edir.

Şəhərin Bayraq Meydanı ərazisi yaxınlığında yeni salınmış istirahət zonasında artıq böyük həcmli işlər yerinə yetirilmişdir. Uzunluğu 1 kilometr, ərazisi 2,1 hektara yaxın olan bu istirahət zonasına   bu günədək 12 min kubmetrdən çox torpaq sahəsi tökülmüş, 3 min kvadrat metrədək səki daşları döşənmiş və bordürlər düzülmüşdür. Burada ağaclar tam budanmış, 1 kilometrə qədər 100 millimetrlik su xətti çəkilib istifadəyə verilmişdir. Bu yaşıllıq zolaqlarının tamamilə suvarılması üçün tələbata uyğundur. Burada eyni zamanda 10 ədəd söhbətgahlar, 25 ədəd oturacaq və 120-yə yaxın işıq dirəkləri  quraşdırılıb istifadəyə verilmişdir. Ümumiyyətlə, bu ərazidəki istirahət zonasında gərgin iş gedir. İnsanların məmnunluq hisslərini artırmaq üçün burada əlavə gül-çiçək kolları və dekorativ ağaclar da basdırılacaqdır. Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsinin rəisi Əli Ağamirov fərəhlə qeyd etdi ki, Bayraq Meydanı ərazisi yaxınlığında salınan bu istirahət zonası mingəçevirlilərin ən yaxşı istirahət yerlərindən biri olacaqdır. O, eyni zamanda Heydər Əliyev prospekti boyunca  Kompüter zavodunun yaxınlığından  başlayaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları  qəsəbəyə qədər olan ərazidə salınan  istirahət zonasında görülən işlər barəsində ətraflı məlumat verdi. Quruculuq işlərini 44 günlülk müharibədə qazanılan Zəfər Bayramı gününə qədər yekunlaşdırmaq üçün kollektivin  yorulmadan çalışdığını bildirdi.   Qeyd olundu ki, prospektin sağ və sol tərəflərində ayrı-ayrılıqda çoxsaylı işlər görülmüşdür.   Sol tərəfdəki ərazidə uzunluğu 200, eni 30 metr  təşkil edən sahədə 7 min kvadratmetrlik  səki daşları döşənmiş, 4 söhbətgah, 10 oturacaq, fəvvarə və onun ətrafında 50 yerlik əlavə oturacaqlar quraşdırılmışdır. Hər iki tərəfdə fəvvarınin qoyulması xüsusi diqqət çəkir. Qeyd etmək yerinə düşər ki, burada 15 işıq dirəyi quraşdırılmış, elektrik xətti çəkilmişdir. Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsinin işçiləri işin ahəngdar getməsi üçün bütün imkanlardan maksimum istifadə edirlər. Hər bir iş zövq oxşayır, səliqə ilə yerinə yetirilir.

İşin sürətlə getməsi üçün maşın və texnikalardan da istifadə olunur. Briqadirlər, bağbanlar, təmizlikçilər, ümumiyyətlə bütün işçilər  sübh tezdən işə başlayaraq  üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir, şəhər sakinlərinin istirahəti üçün yaradılan bu məkanlarda gözəl şəraitin salınması məqsədi ilə ürəkdən çalışırlar.

Qeyd etmək yerinə düşər ki, idarənin kollektivi şəhərə əlavə su xəttinin çəkilməsi məqsədi ilə “Azneftemaş” zavodu ərazisi yaxnlığlnda 1700 metrlik ərazidə 114 mmlik su xəttinin çəkilişini də uğurla həyata keçirir.

Qeyd edək ki, bu qəbildən olan işlər şəhərin mərkəzi hissəsində də uğurla həyata keçirilir. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi kollektivinin işgüzarlığı ilə həyata keçirilən bu işlər artıq başa çatmaq üzrədir. Belə ki, Xətai küçəsindəki 12, 14, 16 nömrəli binalarda əsaslı təmir işləri yekunlaşmış, həmin küçədəki 10, 14 a və Nərimanov küçəsindəki 44 nömrəli binalarda bu cür quruculuq işləri davam etməkdədir. Həmin binaların fasad hissələrinin əsaslı təmiri ilə yanaşı giriş hissələrinin qaydaya salınması, plastik pəncərə çərçivələrinin və  seyf qapılarının qoyulması işləri  də yekunaşmaq üzrədir.

 

Şəhərdə aparılan abadlıq-quruculuq işlərinin böyük bir qismi də Energetiklər yaşayış massivi ərazisində həyata keçirilir. Mənzil Kommunal Təsərrüfatı Kombinatı kollektivinin bilavasitə işgüzarlığı nəticəsində burada yaşayış binalarının əsaslı təmir olunması işləri həyata keçirilir, nümunəvi məhəllənin salınmasına diqqət yetirilir. Cəmil Əliyev küçəsindəki 13 nömrəli binanın dam örtüyünün yenilənməsi, fasadının qaydaya salınması, dəhlizlərdə əsaslı təmir işlərinin aparılması, seyf qapılarını, eləcə də müasir plastik pəncərə çərçivələrinin qoyulması diqqətimizi cəlb etdi.    Cəmil Əliyev küçəsi boyunca ərazini gəzdikdə buradakı 1, 3, 3a, 7, 9, 11, 37/3, 38/3 və Naxçıvan küçəsindəki 46 və 46 b yaşayış binalarının əsaslı təmir ounması, ümumi istifadə sahələrinin sakinlərin istəyinə uyğun hala gətirilməsi adamda fərəh hissi doğurur. Həmin yaşayış binalarının ərazisində nümunəvi məhəllə salınacaq, oturacaqlar, söhbətgahlar qoyulacaq, işıq dirəkləri basdırılaraq işıqlanma sistemi müasir formaya salınacaqdır.  Sakinlərin  arzusuna uyğun olaraq ərazidə idman qurğuları, uşaq əyləncə vasitələri də qoyulacaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının təmin olunması məqsədi ilə futbol, voleybol meydançaları yaradılacaqdır. Bir sözlə, Energetiklər yaşayış massivi  gözəlləşir.

Şəhərin Bağlar yaşayış massivində sakinlərin arzu və istəyi nəzərə alınaraq küçələrə asfalt örtüyünün döşənməsi işləri həyata keçirilir. Bu günədək 7 küçədə, yəni 10 min kvadratmetr ərazidə asfatlanma işləri başa çatmışdır. Sürətlə davam edən asfaltlama işləri sakinlərin böyük razılığı ilə qarşılanır. Uzun illər idi ki, bu küçələrdə gediş-gəliş çətinləşir, problemlər yaranırdı. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun bilavasitə rəhbərliyi və xüsusi nəzarəti ilə həyata keçirilən bu işlər yaxın vaxtlarda yekunlaşacaqdır. Yaşayış massivinin Babək, Dədə Qorqud, Bakı, Almas İldırım, Rüstəm Əhmədov, Rəşid Behbudov və s. küçələrində artıq bu işlər yekunlaşmışdır. Asfaltlanma işləri isə digər ərazilərdə davam etdrilir.  Qeyd edək ki, işlər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin  rəhbərliyi ilə həyata keçirir.

Mətləb

Gununsesi.info