6 il əvvəl inşa olunan müasir həbsxanalar niyə istifadəyə verilmir? - ARAŞDIRMA

  • By admin
  • 23 Sentyabr 2020 00:07

 

Azərbaycanda həbs yerlərindəki durum hər zaman beynəlxalq insan haqları təşkilatının tənqid hədəfində olub.

Buna səbəb isə ölkədəki istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin Avropa Penitensar Qaydalarına cavab verməməsidir.

Baxmayaraq ki, ötən illər ərzində hökumət 1 Saylı Bakı İstintaq Təcridxanasını və Şəki Penitensar Müəssisəsini istifadəyə verib amma ölkənin digər həbs yerlərində saxlanılanlar böyük çətinliklər yaşayır.

Xüsusilə, Qobustan və Qaradağ rayonu ərazisindəki müəssisələr dözülməz şəraiti ilə ad çıxarıb.

Bu ərazidəki cəzaçəkmə müəssisələrində sıxlıq və digər şəraitsizlik səbəbindən yolxucu xəstəliklər sürətlə yayılır.

Qeyd edək ki, hökumət hələ 6 il əvvəl Gəncə və Lənkəran şəhərlərində, habelə Bakının Zabrat qəsəbəsində qadın və yetkinlik yaşına çatmayan, Umbakıda isə ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanılması üçün belə müəssisələrin tikintisinı başlamışdı.

O zaman ədliyyə naziri Fikrət Məmmədov yaxın dövrlərdə bu müəssisələrin istifadəyə veriləcəyini demişdi.

Ancaq nazirin bu vədindən uzun illər keçsə də inşasına on milyonlarla vəsait xərclənən bu müəssisələr istifadəyə verilmədi.

Yerigəlmişkən, onu da qeyd edək ki,  Avropa İttifaqı Azərbaycanda “Ədliyyə sahəsində islahatlara dəstək” Proqramı adı altında Fikrət Məmmədovun rəhbəri olduğu nazirliyə milyonlarla yardımlar edib.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, Gəncə və Lənkərandakı müəssisələrin tikintisi  hələ bir neçə il əvvəl hazır olub.

Ancaq hansısa səbəbdən bu müəssisələrə məhbus qəbulu həyata keçirilmir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə sorğumuza cavab olaraq bunları deyib: “Hələlik, adıçəkilən müəssisələr istifadəyə verilməyib. Bundan başqa deyəcəyim bir fikir yoxdur”.

 

Nəcəf Cavadsoy

Gununsesi.info