6 nömrəli palata - Etibar Cəbrayıloğlu yazır

  • By admin
  • 07 May 2022 11:28

Mən hardan bilim? Tələbə yoldaşı deyiləm, əsgərlikdə eyni batalyonda xidmət etməmişəm, bir yerdə kəşfiyyata getməmişəm.

Hamı məndən soruşur ki, müəllim, Putinə nə olub, harasından əməliyyat edəcəklər? Mənim özəl klinikam var? Ya bəlkə məni hansısa xəstəxanaya baş həkim təyin ediblər xəbərim yoxdur?

Biri var, danışmağa başlayanda üç gün dayanmır. Dünən günorta yeməyindən üçcə dəqiqə sonra özünü verdi düz çənəmin altına. Deyir xəbərin var, müəllim, Putin xəstədir, sənin də telekanallarda dost-tanışın çoxdur. Təşkil elə, lap lazımdırsa düz-qoş şou verilişlərə çıxaq, göz yaşı tökək, deyək ki, Putinin müalicəsinə vəsait lazımdır. Bir meyxanaçı, bir müğənni, bir kulinar-rəqqasə də özümüzlə çıxaraq efirə. Onlar da oxuya-oxuya, oynaya-oynaya camaata desinlər ki, kimin imkanı nəyə çatırsa xəstəyə maddi yardım göstərsin. Kartımıza pul atsınlar, sən özün də dolan, məni də dolandır…

Bu hərif deyəsən, məni dolayıb. Tutaq ki, mən onun dediklərinə əməl elədim, rəqqasə oxudu, bir az da oynadı, camaatımızın ürəyi  yumşaldı müalicə üçün pul topladı. Pasiyenti də apardıq stomatoloqun yanına, o da gözünə döndüyüm sol ayağını qoyub sağ ayağını kəsdi. Və yaxud kardioloq o boyda xəstənin kor bağırsağını yaxşı müalicə eləmədi. Sonra mən Putinin burdakı fanatlarına nə cavab verəcəm?

Hər şey bir yana qalsın, indi çətin zamandır. Deyilənə görə, Rusiya bu gün-sabah Ukraynaya müharibə elan edəcək. Belə bir həssas vaxtda hər addımı yüz ölçüb, yetmiş beş biçmək lazımdır. Üstəlik indi telekanallarda vəziyyət dəyişib, əvvəlki dövrdən fərqli olaraq rəqqasə nə istəsə oynaya bilməz. Mətbəx verilişinə çıxan nə qaynadacağını iki gün əvvəldən deməlidir. Efirdə kim nə gəldi, necə gəldi tüstü çıxara bilməz. Necə deyərlər, yaxşı telekanal tüstüsündən bəlli olar!

Bir neçə il əvvəl telekanallardakı biabırçılıq hamının yadındadır da? Savadsız aparıcılar efiri zəbt etmişdi, bir dəfə mənim özümü canlı efirə çağırıb soruşmadılar ki, müəllim,  Mücirəddin Beyləqani ilə ilk görüşünüz yadınızdadır, o, sizə hansı faydalı məsləhətlər verdi?

Şükürlər olsun, indi aparıcılarımız çox savadlıdır, o gün Əhməd Cavadı canlı görənləri axtara-axtara şairin 40 yaşlı nəvəsini tapıblar. İnkişaf göz önündədir.

Nə isə, harda qalmışdıq? Putində? Biri də var, onun işi lap oyundur. Mobil telefonumun nömrəsini kimdənsə öyrənib, hər gecə saat 1-də, 2-də zəng vurub deyir narahat eləmirəm? Cavab gözləməmiş soruşur ki, Putin əməliyyat olunsa, görən neçə nömrəli palatada yatacaq? Elə də maraqla soruşur ki, elə bil pasiyentin əmisi oğludur.

Dünən gecə onun növbəti zəngindən və duzsuz sözlərindən sonra ürəyimdə söyüş qoymuşam, bir də palatanın nömrəsini soruşsa, deyəcəm 6 nömrəli palatada.

6 nömrəli…

Gununsesi.info