6 rayonun başçısız qalmasının səbəbi nədir…

  • By admin
  • 25 Yanvar 2022 09:35

Xəbər verdiyimiz kimi, yanvarın 19-da Prezident İlham Əliyev Abşeronun icra başçısı İradə Gülməmmədovanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə paytaxtın Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev vəzifəsindən azad edilərək Abşerona yeni başçı təyin olunub.

Hələlik Nərimanov rayonuna icra başçısı təyin edilməyib. Bununla da başçısız qalan rayonların sayı 6-ya çatıb. Həmin rayonlar bunlardır: Nərimanov, Nizami, Gədəbəy, Göygöl, Kürdəmir, Lerik…

Adları çəkilən rayonlar arasında bir ildir başçısız qalanları da var.

Bəs, həmin rayonlara icra başçısı təyinatı niyə gecikir?

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, təyinatların gecikməsinin səbəbi həssas təbəqə ilə işləməyi bacaran peşəkar kadrların azlığıdır:

“6 rayonda icra başısı postunun boş olmasının bir çox səbəbləri var. Bəzi rayonların icra başçıları yerdəyişməyə, bəziləri həbsə, bəziləri isə yüksək vəzifəyə keçməklə öz postlarını təhvil verdilər. Hazırda cəmi 6 icra başçısı postu boşdur.

Düşünürəm ki, Prezidentin apardığı kadr islahatları ilə yaxın zamanda həmin yerlərə də təyinatlar olacaq.

Gecikmələrin əsas səbəbi ondan ibarətdir ki, bu posta təyin olunanlar həssas təbəqə ilə işləməyi, icra strukturu kimi mühüm işləri görməyi bacarmalıdır.

Eyni zamanda, rəhbər posta gənclərin irəli çəkilməsi istiqamətində müvafiq addımlar atılır”.

 

 

Milli Məclisin deputatı Aqil Abbas isə hesab edir ki, təyinatların gecikməsi kadrların düzgün seçilməsi ilə əlaqədardır.

“Heç bir rayon başçısız deyil. Həmin rayonlarda birinci müavinlər icra başçısı vəzifəsini yerinə yetirir. Təyinatların gecikməsinin səbəbi kadrların düzgün seçilməsinə diqqət edilməsidir. Çünki bəzi rayonlar var ki, icra hakimiyyəti postuna birinci müavinləri təyin edəcəklər”.

Gununsesi.info