Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.
Əfsəl Cəbiyev ifadəsində deyib ki, N.Hüseynov qarşıdan gələn yaşıl rəngdə olan mikroavtobusu ötmək istəyərkən hadisə baş verib: “Namiq ağlına nə gəlirdisə, onu da edirdi. Qarşısına məqsəd qoymuşdu ki, yaşıl “Ford” markalı mikroavtobusu ötüb keçəcək. Buna görə mikroavtobusu sürətlə idarə edirdi. Nəticədə bu hadisə baş verdi”.
Digər zərərçəkmiş Oqtay Əsgərli deyib ki, qəza bir neçə saniyə içərisində baş verib. O. Əsgərli də N.Hüseynovun avtomobili sürətlə idarə etdiyini, mikroavtobusa normadan çox tələbə mindirdiyini deyib.
Hakim N.Kərimov qeyd edib ki, bəzi şahid və zərərçəkmiş şəxslər məhkəməyə dəfələrlə çağırılmasına baxmayaraq, yenə də prosesə gəlməyiblər.
Buna görə hakimlər kollegiyası prosesə gəlməyən şahidlər və zərərçəkmişlər barədə məcburi gətirilmə qərar çıxarıb.
Proses iyulun 18-də davam etdiriləcək.
Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.
Gununsesi.info