‘Subsidiyadan bəhrələnən oliqarx-məmurlardır’
Azərbaycanda pambıqçılıqda subsidiya mexanizminin effekt vermədiyi bildirilir. Hesablama Palatasının məlumatına görə, pambıqçılıq üzrə ödənilmiş ümumi subsidiya 2019-cu ilə nisbətən 2020-ci ildə 59.7 faiz artaraq 47.1 milyon manata, 2021-ci ildə isə 82 faiz çoxalaraq 53.7 milyon manata yüksəlib. Amma məhsuldarlıq 2021-ci ildə 28.5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 3.4 və 14.9 faiz azalıb.
Gununsesi.info xəbər verir ki, Hesabata görə, istehsalda da azalma var. Ölkə üzrə istehsal həcmi 2021-ci ildə 287 min ton olub. Əvvəlki iki ilin göstəricilərinə nisbətən, müvafiq olaraq, 2.8 və 14.8 faiz azalıb: “Bu da bu sahəyə yönələn resurslarla nəticəliliyin qeyri-adekvat inkişaf etdiyini göstərib”.
Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir (Əvvəl əraziyə görə verilib). Məhsul subsidiyasının məbləği hər tona görə 170 manatdır.
Nazirlik son ildə artımdan danışır
Kənd Təsərrüfatı Nazirliyindən isə “Turan”a bildirilib ki, 2022-ci ildə pambıqçılıq mövsümündə sahələrdən 322 min 300 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib: “Orta məhsuldarlıq 30.92 sent/hektar təşkil edib. Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35 min 259 ton daha çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2.42 sent/hektar artıb”.
Nazirlikdən əlavə edilib ki, 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar, avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb: “2022-ci ildə birinci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir”.
“Su çatışmır”
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov da AzadlıqRadiosuna bildirib ki, əvvəllər subsidiya sahəyə görə verilirdi və pambıq ərazilərini çox göstərməyə çalışırdılar: “Hazırda isə biz illər əvvəl təklif etdiyimiz mexanizmi – hazır məhsula görə subsidiyaların verilməsini tətbiq ediblər. Amma bununla belə, artıq məhsuldarlığı artırmaq mümkün deyil. Onun da bir neçə səbəbi var”.
Ekspert hesab edir ki, onlardan biri su çatışmazlığıdır: “Bundan əlavə, fermerlərimiz şikayətlənir ki, vaxtlı-vaxtında onlar texnika ilə təmin olunmur, əkin-səpin işləri optimal müddətdə həyata keçirilmir. Bitkiyə qulluq prosesində də vaxtlı-vaxtında işlər görülmür, bu da onunla bağlıdır ki, texnika çatışmazlığı var. Yığımda da problem var. Baxmayaraq ki, 500 kombayn gətiriblər, yığım optimal müddətdə aparılmır, uzadılır”.
“Məhsulun 60 faizini… zibil kimi göstərirlər”
İqtisadçı deyir ki, pambıq təhvili zamanı şikayətlərə görə kəndliləri aldadırlar: “Nəmlik yüksək olduğunu və pambığın tərkibində daha çox zibil qarışığı olduğunu göstərirlər. Hətta elə hala gəlir çatır ki, məhsulun 60 faizini nəm və zibil kimi göstərirlər”.
Məhərrəmovun sözlərinə görə, subsidiyadan bəhrələnən fermerlər deyil, oliqarx-məmurlardır: “Pambığın emalı və ixracı ilə məşğul olanlardır. Onlar daha yüksək qiymətə fermerlərdən pambıq almalıdırlar, çünki dünya bazarında pambığın qiyməti yüksəkdir. Həmin məmurlar məhsulu ucuz alır və baha satır. Dövlət də burada onlara yardımçıdır, subsidiya verir. Hakimiyyət pambıq istehsalında ona görə maraqlıdır ki, sonda həmin məhsulun alıcısı və ixracatçısı oliqarxlardır”.
“Necə ola bilər ki, qiyməti alan müəyyən etsin?”
Onun fikrincə, subsidiyaya, ümumiyyətlə, ehtiyac yoxdur: “Fermerdən təhvil verdiyi pambığı yaxşı və ona sərf edən qiymətə almalıdırlar. Hazırda isə oliqarx-məmurlar dövlətlə bir yerdə qiyməti müəyyən edir. Bu, bazar iqtisadiyyatına ziddir. Necə ola bilər ki, qiyməti alan müəyyən etsin?”.
Ekspert hesab edir ki, fermerlər özləri birləşib məhsulu emal edib sata bilərlər: “Dövlət də onlara ucuz kredit resursu ilə yardımçı ola bilər ki, onlar məhsulun emal müəssisəsini yaratsınlar. Onda kəndlilər daha çox məhsuldarlıqda maraqlı olacaq”.
Yazıda yer alan fikirlərlə bağlı pambıq tədarükü və emalı müəssisələrinin rəhbərlikləri ilə danışmaq mümkün olmayıb.