7 nəfər vəzifəsindən azad edilib, 20-si isə xaric olunub –  Penitensiar Xidmətdə

  • By admin
  • 28 Yanvar 2017 17:47

150141_res_01

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə 2016-cı ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. APA-nın məlumatına görə, müşavirədə Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların rəis heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak edib.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənov tədbiri açaraq bildirib ki,Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisi tərəfindən qəbul edilmiş və 10 minə qədər məhkumu əhatə edən amnistiya aktı penitensiar müəssisələrdə 3535 məhkuma tətbiq edilib, onlardan 2901 məhkum cəza çəkməkdən azad edilib, 634 nəfər məhkumun çəkilməmiş cəza müddəti 6 ay azaldılıb.

Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov isə çıxışında bildirib ki, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 266 mobil telefon, 219,4 qram müxtəlif narkotik və psixotrop maddələr, 45,5 litr qıcqırdılmış maye və spirtli içki aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 443 müxtəlif, o cümlədən xüsusilə ağır cinayətlərin üstünün açılmasına köməklik göstərilib.

Hesabat dövrü ərzində pozuntulara yol verən 286 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 7 əməkdaş tutduğu vəzifədən azad edilib, 20 əməkdaş isə ədliyyə orqanlarından xaric olunub.
 

Gununsesi.info