70 yaşlı Bozqurdun ürəyi Qarabağla döyünür - İSGƏNDƏR HƏMİDOVA TƏBRİK ƏVƏZİ

  • By admin
  • 10 Aprel 2018 16:57

Bu gün –aprelin 10-u milli azadlıq hərəkatının öndərlərindən olan İsgəndər Həmidovun 70 yaşı tamam olur. Çoxlarına qəribə gələ bilər, amma ali zabit çini  daşıyan general İsgəndər Həmidovu döyüşçülər döyüş meydanında ƏSGƏR  görüblər, bu gün də onu ƏSGƏR kimi yaddaşlarında saxlayırlar. Axı döyüşdə gördükləri AZƏRBAYCAN BOZQURDUnun çiynindəki qumbaratan general poqonlarını görünməz edirdi!

Aprel ayı xalqımıza düşərli olmayıb. Ötən yüzilin 20-ci ilinin 28 aprelində yurdumuz tam işğal olunub, 93-cü ilin 2 aprelində Kəlbəcərimiz . İsgəndər bəyin böyük Vətəni və kiçik eli-obası doğulduğu ayda əsir-yesir edilib. Bir yandan da çiyindaşı, ömür-gün yoldaşı, deyərdim döyüş-səngər yoldaşı ər qeyrətli Rəna xanımın 16 ay qabaqkı ölümü İsgəndər bəyi 70-ci yazını elə soyuq anımlarla vurğulamağa sürükləyir.

“Heç ürəyim açılmır”,- deyən Azərbaycan Bozqurdu bircə 2 il öncənin aprel yürüşündə ürəyinin atlanıb Qarabağa doğru çapdığını vurğulayır.

Bu gün də düşmən əlində əsir-yesir olan ana yurdu, ana qəbrini yoluxmağa getdiklərinə görə  terrorçuların “terrorçu” etdiyi el oğulları Dilqəmlə Şahbazı görmək həsrətilə yaşayır İsgəndər Bozqurd. Ürəyi param-parçadır, bir parçası Təbrizdə, bir parçası Dərbənddə, biri də Kəlbəcərdə, Şuşada-Qarabağda. Bu Vətən həsrəti elə ağrı-acıdır ki, çəkməyən bilməz.  Şair Almaz İldırım doğma Türkiyədə “göy Xəzərin dibində yosunlaşmış bir daş olmaq”, Sücaət Kəlbəcərdə “məğrur  daş olaraq qalmaq” həsrətilə yaşayıb. Elə Məmməd Arazın da “bu torpağın daşı olub qalmaqdan özgə umacağı” yox idi. Nə olaydı, yenə 2 il öncənin apreli döyüşçüləri Qarabağa səsləyəydi. Şairlərin ruhu dincələr, igidlər quş kimi Qarabağa uçardılar. Sücaətin də qol-qanadı açılardı:

“Sınmayaydı qanadlarım,

 Quş, yerinə mən olaydım.

Uçardım düz Dəlidağa !

Kaş yerinə mən olaydım.”

Kaş İsgəndər bəy də illərini ürəyi kimi Qarabağda keçirəydi!…

 

Döyüş dostları adından

Məğrur Bədəlsoy