Yeni dərs ilinin başlamasına artıq sayılı günlər qalıb.
Gununsesi.info azvision.az-a istinadən xəbər verir ki, yüksək balla ali məktəbə qəbul olan tələbələrin bir çoxu regionlardan gəldiyindən onlar ev problemi ilə üzləşiblər. Bakıda mənzillərin kirayə qiymətlərinin bahalaşması tələbələrin işini daha da çətinləşdirib.
Maraqlıdır, 700 bal toplamaqla rekorda imza atan tələbələr harada qalacaqlar?
İsmayılı rayonunun 5 saylı orta məktəbinin məzunu olan Ağalətif Lətifov Tibb Universitetinin Müalicə işi fakültəsində təhsilini davam etdirəcək.
O, kirayə ev tutmağa imkanının olmadığını, yataqxanada qalacağını deyib: “6 nömrəli yataqxanada illiyi 300 manata otaq kirayələmişik. Dərslərin başlamasını səbrsizliklə gözləyirəm”.
Kürdəmir rayonundan olan tələbə Təbriz Qasımovun qalacağı yer hələ məlum deyil. O, böyük ehtimalla kirayə ev tutacağını söyləyib.
Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Orxan Zülfüqarov Tibb Universitetinin müalicə- profilatktika fakültəsində təhsil alacaq. Atası Əzim Zülfüqarovun sözlərinə görə, oğlu Tibb universitetinin yataqxanasında qalacaq.
“Yataqxanada bir, iki və üç nəfərlik otaqlar var. Biz bir nəfərlik otaq götürməyi düşünürük. Bizə verilən məlumata görə, yataqxanada 3 nəfərlik otaqlar boşdur. Biz bunu istəmirik. Oğlumun öz otağı olsa yaxşı olar. Onun üçün rahat şərait yaradarıq, dərslərinə yaxşı hazırlaşar. Hələki gözləyirik. Oğlum harada qalmasından asılı olmayaraq, yaxşı təhsil almalıdır. Onun xaricdə təhsil almasını istəyirdim, amma alınmadı”.
Yüksək balla tələbə adını qazanan məzunların çoxu ev problemi ilə üzləşiblər. Əlaqə saxladığımız bir çox tələbə hələ də qalmağa yer tapmadığını deyib.
Gununsesi.info