Federal rəsmilər ABŞ senatoru Bob Menendezi Qətər kral ailəsinin bir üzvünü daşınmaz əmlak layihəsinə investisiya etmək istəyən Nyu Cersili iş adamı ilə tanış etməkdə günahlandırır.
Gununsesi.info xəbər verir ki, bu barədə çərşənbə axşamı ittihamnamədə bildirilib.
Manhetten federal məhkməsində Nyu Cersidən Demokrat senatora qarşı hazırlanan ittihamnamədə Qətər kral ailəsinin üzvünün adı açıqlanmasa da, onun Qətər Sərmaye Şirkətinin direktoru olduğu bildirilib.
İttihamnamədə Qətər investorunun senator və həyat yoldaşı ilə birlikdə ittiham olunan üç iş adamından biri olan Fred Daibes tərəfindən planlaşdırılan daşınmaz əmlak layihəsinə milyonlarla dollarlıq investisiya üçün danışıqlar apardığı qeyd edilib. Onların heç biri özünü təqsirli tanımır.
Vəkillər və Menendezin sözçüsünə qoyulan səsli mesajlara cavab verilməyib.
Daibesin vəkili Tim Donohü dərhal şərh verə bilməyəcəyini deyib.
Bu ittihamnamə daha öncə Menendezi və onun həyat yoldaşını nağd pul, qızıl külçələr və dəbdəbəli avtomobillə zənginləşdirdiyi iddia edilən rüşvət konspirasiyasında ittiham edən ittihamnamənin son versiyasıdır. Yeni ittihamların əlavə edilmədiyi ittihamnaməyə əsasən, Qətəri əhatə edən iddialar 2021-2023-cü illər arasına aiddir.
Senator sentyabrda saxlanılandan sonra Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən imtina edib. O, Senatdakı yerindən istefa vermək çağırışlarına müqavimət göstərir.
İttihamnaməyə əsasən, Menendez Qətar Sərmayə Şirkətini Daibeslə tanış etmək, o cümlədən Qətər hökumətinin xeyrinə addımlar atmaq müqabilində nağd pul və qızıl külçələri qəbul edib.
Gununsesi.info