75 il həbsdə qaldı, 101 yaşında vəfat etdi

  • Müəllif: Orxan
  • 22 Avqust 2026 09:18

ABŞ-da ən yaşlı və ən uzun müddət həbsdə qalan məhbuslardan biri olan Frensis Klifford Smit 101 yaşında vəfat edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Smit iyun ayında Konnektikut ştatında yaşlı məhbusların nəzarət altında saxlanıldığı müəssisədə dünyasını dəyişib. Onun ölümünün təbii səbəblərdən baş verdiyi bildirilir.

Smit 1950-ci ildə, 25 yaşında olarkən Konnektikut ştatında yaxta klubunun gecə gözətçisi Qrover Hartın öldürülməsində təqsirli bilinib və edam cəzasına məhkum edilib. O, ömrünün sonuna qədər cinayəti törətmədiyini bildirib.

Onun edamı səkkiz dəfə təyin edilib və hər dəfə təxirə salınıb. Smit bu tarixlərin hər birində son yeməyini alıb, lakin edam baş tutmayıb. 1954-cü ildə ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.

İllər ərzində Smitin təqsirliliyi ilə bağlı da suallar yaranıb. Bəzi şahidlər ifadələrindən geri çəkilib, başqa bir şəxs isə qətli özü törətdiyini bildirib. Onu saxlayan polis əməkdaşlarından biri də sonradan Smitin cinayətdə iştirak etdiyinə əmin olmadığını deyib.

Smit həyatının 70 ildən çoxunu həbsdə keçirib və ABŞ tarixində ən uzun müddət həbsdə qalan məhbus kimi tanınıb. 2020-ci ildən etibarən isə nəzarət altında azadlıqda yaşadığı bildirilir.

O, həbsxanada quşları çörəklə bəslədiyi üçün “Osbornun quş adamı” ləqəbini də qazanmışdı.

Gununsesi.info