7,6 bal gücündə zəlzələdən sonra iki ölkə arasında ada böhranı

  • By admin
  • 03 Yanvar 2024 09:55

Yaponiyanın 7,6 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığına Cənubi Koreyanın ən şərqindəki Dokdo adalarını daxil etməsi səbəbindən böhran yaranıb.

Gununsesi.info xəbər verir ki, Tokio administrasiyasına etiraz edən Cənubi Koreya hökuməti “Dokdo tarixi, coğrafi və beynəlxalq hüquq çərçivəsində Koreya ərazisinin ayrılmaz hissəsidir” deyib.

Cənubi Koreya Xarici İşlər Nazirliyi ölkəni vuran zəlzələlərdən sonra Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi sunami xəbərdarlığına Cənubi Koreyanın ən şərq hissəsindəki Dokdo adalarını da daxil etdiyi üçün Tokio rəhbərliyinə etiraz edib.

“Yonhap”ın məlumatına görə, nazirliyin sözçüsü Lim Soo-suk Cənubi Koreyanın ən şərqindəki Dokdo adalarının JMA-nın internet saytında sunami xəbərdarlığını göstərən xəritəyə daxil edilməsi ilə bağlı açıqlama verib.

“Hökumətimiz diplomatik kanallarla Yaponiyaya şiddətlə etiraz etdi və düzəldici tədbirlər tələb etdi”, – deyə o bildirib.

Ölkəsinin Yaponiyanın “əsassız iddialarına” sərt cavab verməyə davam edəcəyini bildirən Lim, “Dokdo tarixi, coğrafi və beynəlxalq hüquq çərçivəsində Koreya ərazisinin ayrılmaz hissəsidir” deyib.

Dokdo adaları Cənubi Koreya və Yaponiya arasındakı münasibətlərdə uzun müddətdir davam edən müzakirələrdən biridir. Cənubi Koreya adalarda kiçik bir polis dəstəsi saxlayır.

Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində dünən baş verən zəlzələlərdə indiyədək 48 nəfər həyatını itirib və sunami xəbərdarlığı edilib.

Gununsesi.info