8 Avqust – Beynəlxalq Alpinizm Günüdür

  • By admin
  • 08 Avqust 2021 11:09

Avqustun 8-də dünyada Beynəlxalq Alpinizm Günü və ya Alpinist Günü qeyd olunur. Bu bayram sərhəd tanımır, əsl kişiləri və ruhən möhkəm qadınları birləşdirir.

 

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bu bayramın meydana çıxmasında iki cəsur isveçrəli – həkim Mişel-Qabriel Pakkarda və dağ bələdçisi Jak Balmaya borcluyuq. Onlar 1786-cı il avqustun 8-də bütün alpinistlər arasında ilk olaraq Alp dağlarının ən yüksək zirvəsini – Monblan zirvəsini fəth ediblər.

 

Bu zirvə dəniz səviyyəsindən 4810 metr yüksəklikdə yerləşir. Həmin vaxta qədər Monblan zirvəsini fəth etmək cəhdləri çox olsa da, buna ilk nail olanlar məhz həmin insanlar olublar. O gündən dünya alpinistləri Alp dağlarının ən yüksək zirvəsinin fəth olunmasını öz bayramları kimi qeyd edirlər.

 

8 Avqustu yalnız dağ zirvələrini fəth edənlər deyil, həm də sənaye alpinizmi ilə məşğul olanlar öz bayramları hesab edirlər. Dünyada hər il göydələnlərin, hündürmərtəbəli binaların sayı daha da artır. Belə mütəxəssislər binaların fasadlarını və pəncərələrini yuyur, rəngləyir, təmir edir, qardan və sırsıradan təmizləyir, kondisionerləri montaj edir.

 

Yüksəklikləri fəth edənlər bu bayram günündə görüşlər keçirir, təcrübə mübadiləsi aparır, yeni rekordlar müəyyən edir, təsirli tamaşalar göstərirlər. Dünyanın bəzi şəhərlərində idman klubları həmin gün yarışlar, konsertlər və digər bayram tədbirləri təşkil edirlər.