8 Noyabr – Zəfər Günü İstanbulda qeyd edilib - FOTOLAR

  • By Günel
  • 05 Noyabr 2024 21:40

8 Noyabr – Zəfər Günü İstanbulda konsert proqramı ilə qeyd edilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, tədbir SOCAR və digər qurumların dəstəyi ilə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva Qarabağ Zəfərinin Azərbaycanın şanlı tarixinə ən parlaq səhifələrdən biri kimi yazıldığını və qırx dörd günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz Qələbənin bütün Türk dünyasının qüruru olduğunu deyib.

Baş konsul bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi bacarığı, Azərbaycanın qüdrətli Ordusunun gücü ilə biz tarixi torpaqlarımızı qaytardıq. Artıq dörd ildir biz bu sevinci yaşayır, şanlı Qələbəmizi qeyd edir və tarixi torpaqlarımızda bərpa-yenidənqurma işləri aparırıq. Artıq bir çox ailə öz əzəli yurd-yuvasına qayıtmağın sevincini yaşayır.

O, bu tarixi Zəfərin əldə edilməsində Türkiyənin ölkəmizə verdiyi siyasi dəstəyi və iki qardaş ölkə arasındakı sıx münasibətlərin hər gün daha da inkişaf etdirildiyini vurğulayıb.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Atatürk Mədəniyyət Mərkəzində keçirilən konsertdə Xalq artistləri Mənsum İbrahimov və Natiq Şirinovun rəhbərlik etdikləri “Qarabağ” muğam və “Natiq” ritm qruplarının ifasında Azərbaycan musiqiləri səsləndirilib.

Gununsesi.info