“80 yaş və ondan yuxarı olanlara dərmanlar pulsuz verilsin” - ELMİRA AXUNDOVA

  • By admin
  • 13 Noyabr 2019

Biz bu gün Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsini müzakirə edirik. Respublikada demək olar ki, ən dinamik işləyən, sosial təminatı və müdafiəni çox uğurla həyata keçirən, inqilabi dəyişikliklərə start verən bir Nazirliyin büdcəsinə baxırıq. Bu Nazirliyin əməkdaşlarına və rəhbərinə həm biz deputatlar, həm də cənab Prezident çox inanır və onlardan çox şey gözləyirik. Ona görə biz şəxsən Sahil Babayevə, onun çox ağır və məsuliyyətli işində daha böyük uğurlar arzulayır və ona hər zaman dəstək olmağa hazırıq.

Gununsesi.org xəbər ki, bunu parlamentin noyabrın 13-də keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Elmira Axundova deyib.

“Bizə təqdim edilən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan sosial paketi biz komitə iclaslarında da ətraflı təhlil etdik, hörmətli Sahil müəllim də bizə bu paket barəsində çox dolğun məlumatlar verdi. Ona görə də biz bu layihəyə səs verəcəyik və inanırıq ki gələn il bütün layihələr reallaşacaq və bunun nəticəsində insanlarımızın sosial durumu daha da yaxşılaşacaq.

Bir sıra təkliflərimi mən artıq komitə iclaslarında səsləndirmişəm. Ona görə bu gün iki təklifim var. Əvvəla, hörmətli Sahil Babayevdən xahiş edərdim ki, təqaüdçülərə ictimai nəqliyyatın pulsuz olması haqqında düşünsün. Artıq bir çox ölkələrdə, məsələn: Rusiyada, Avropa dövlətlərində təqaüdçülər bu imtiyazdan istifadə edirlər. Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulub”-deyən millət vəkili bildirib ki, lakin yaşlı vətəndaşlarımız üçün  demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur:

“Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək bu yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı.

İkinci təklifim ondan ibarətdir ki, və bunu mən dəfələrlə səsləndirmişəm. Ahıl olan insanlara, yəni məsələn; 80 yaş və ondan yuxarı, dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq “dərman pulu” dediyimiz məbləğ əlavə edilsin. Mən yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Məsələn: Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar. Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun.

Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir”.

 

Gununsesi.org