Gununsesi.info xəbər verir ki, şagirdlərin ekskursiyası hər birində 30 nəfər olmaqla 3 qrup halında təşkil edilib.
Hər bir ekskursiya zamanı layihə rəhbəri Nizami Əsgərov şagirdlərə həyata keçirilən fəaliyyətlə bağlı məlumat verib.
N.Əsgərov qeyd edib ki, şagirdlərə paylanılan “Peşə təhsilinin üstünlükləri” adlı bukletdə Azərbaycanda peşə təhsili müəssisələri, əmək bazarında daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydaları əks olunub. Bukletdə, həmçinin əmək bazarında daha çox ehtiyac duyulan peşələrlə bağlı da məlumat yer alıb.
Layihə rəhbəri qeyd edib ki, peşə liseylərinə qəbul şagirdlərin IX sinfin buraxılış imtahanında topladığı bal əsasında aparılır və şagirdlər buraxılış imtahanı verərkən bunu nəzərə almalıdır.
Daha sonra təlimçi Gülsarə Həsənova və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Zibaxanım Cəfərli şagirdlərə Peşə Təhsili Mərkəzində tədris olunan ixtisaslarla bağlı məlumat verib.
Bildirilib ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrə 21 ixtisas tədris olunur. Hazırda mərkəzdə kompüter operatoru, aşpaz, qənnadçı, şirniyyatçı, bərbər, bərbər-vizajist-manikürçü, dərzi, geyim üzrə dizayner, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, turizm sahəsində iaşə üzrə mütəxəssis, turizm təşkilatçısı, mühasibat uçotu, mehmanxana və restoran işinin təşkili və idarə edilməsi, moda dizaynı, saç və gözəllik xidmətləri, telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator, mehmanxana inzibatçısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, kargüzar, əməliyyatçı-mühasib, sığorta işçisi, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı üzrə peşələr öyrədilir. Həmin ixtisasların əksəriyyəti hazırda əmək bazarında ehtiyac olan ixtisaslardır.
Sonda şagirdlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindəki tədris şəraiti, təhsil imkanları ilə tanış olublar.
Qeyd edək ki, qarşıdakı müddətdə şagirdlər hər birində 30 nəfər olmaqla 3 qrup halında daha 2 Peşə Təhsili Mərkəzinə ekskursiyası nəzərdə tutulur. Peşə təhsilinə maraq göstərən şagirdlərin ekskursiyası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məcburi köçkün məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində baş tutur.