1992-ci ildən etibarən ABŞ-Azərbaycan münasibətlərində gərginliyə səbəb olan və Vaşinqtonun rəsmi Bakıya birbaşa yardımlarını məhdudlaşdıran 907-ci düzəlişin ləğvi mühüm siyasi hadisə kimi dəyərləndirilir.
Ekspertlər də bildirirlər ki, bu qərar Cənubi Qafqazda sülh və sabitliyin güclənməsinə töhfə verəcək və ABŞ-Azərbaycan əlaqələrinin normallaşmasında əhəmiyyətli dönüş nöqtəsi olacaq.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu, ilk növbədə ədalətsizliyin aradan qaldırılması deməkdir.
“Düzəlişlər aparılan dövrdə Azərbaycan ordusunu gücləndirməyə davam edirdi və nəticədə işğal altında olan torpaqları azad edə biləcək potensiala malik, Cənubi Qafqazın ən güclü ordu modelini yaratdı. Biz ordumuzun hər gün daha da gücləndiyini müşahidə edirik.
Bununla yanaşı, ABŞ dünyanın ən böyük silah istehsalçısıdır və ən müasir texnologiyaların tətbiqində ABŞ ilə əməkdaşlıq davam etdiriləcək. Bu, regional təhlükəsizliyin yenidən formalaşmasında mühüm amillərdən biridir”.
Deputat onu da vurğulayıb ki, bu proses Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradacaq.
Şəbnəm Rəhimova












