94 saat dağıntılar altında necə sağ qala bilməsindən danışdı - FOTO/VİDEO

Qaziantepdə 5 mərtəbəli binanın dağıntıları altından zəlzələdən 94 saat sonra çıxarılan və bu zaman rahat şəkildə yeriyən Adnan Muhammet Qorqud necə sağ qala bilməsindən danışıb.

Gununsesi.info  “Hürriyet”ə istinadən xəbər verir ki, 17 yaşlı gənc anasının qulluq etdiyi çiçəkləri yeyərək sağ qaldığını bildirib: “Dağıntılar altında yatmamaq üçün telefonumun zəng səsini 25 dəqiqəyə qurdum. Çox dua etdim. Əlimdəki taxta parçası ilə tavana vuraraq səsimi xilasedicilərə eşitdirdim”.

Qonaq otağında yatarkən zəlzələ nəticəsində dağıntılar altında qaldığını bildirən Adnan deyib ki, üşüməmək üçün üstünə yorğanı atıb: “Ayaqlarım üşüyürdü. Paltar tapıb ondan ayağıma corab elədim. Əvvəlcə telefonumu tapa bilmirdim, 6 saat sonra zəngi çaldı. Amma şəbəkə çəkmirdi. Daşların arasında çalışırdım ki, şəbəkə çəksin. İkinci gün enerjisi bitdi. Səbirsizliklə xilasediciləri gözləyirdim. Çöldən qışqırıq səsləri eşidilirdi. Mənim balaca itim var, onun da səsi gəlirdi. Mənim səsim isə onlara getmirdi. Çıxmaq üçün dua edirdim. Özümü çarəsiz hiss edirdim. Valideynlərim, qardaşlarım sağdırmı, bunun stressini də yaşayırdım. Namaz qılmağa çalışdım. Allah heç kimin başına gətirməsin. Günləri izləyirdim. Deyirdim ki, ya Rəbb, bu gün cümə axşamı olacaq. Yaxşı xəbər üçün dua etdim. 4-cü gün AFAD komandası köməyə gəldi, onların sayəsində çıxa bildim”.

Adnanın anası oğlunu göz yaşları içində qucaqlayaraq “Rəbbim bizə bağışladı. Allah dağıntılar altında olanlara kömək olsun. Çox gözlədik, amma xoşbəxt sonluqla bitdi” deyə bildirib.

 


Gununsesi.info