95 yaşlı konki yarışçısı yeni hədəfini ortaya qoydu

  • By Günel
  • 19 Mart 2025 14:11

Yapon konki sürən İiçi Marumo 95 yaşı olmasına baxmayaraq, trasdan çıxmaq niyyətində deyil. 10 yaşında konki sürməyə başlayan Marumo gələcəklə bağlı hədəflərini bölüşüb…

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2018-ci ildə Moskvada keçirilən yarışda ilk dəfə beynəlxalq arenada mübarizə aparan Marumo 85 və yuxarı yaş kateqoriyasında yarışaraq gümüş medal qazanıb.

Bu uğuru ilə o, dünyanın ən yaşlı konki sürən kimi Ginnesin Rekordlar Kitabına daxil oldu. O gündən etibarən qatıldığı hər yarışda qızıl medal qazandı.

Yanvar ayında o, Yaponiyada xüsusi olaraq onun üçün yaradılmış 95 və yuxarı yaş kateqoriyasında keçirilən milli yarışmada iştirak etdi. Lakin hazırda bu kateqoriyada onunla rəqabət apara biləcək başqa idmançı yoxdur.

10 yaşında konki sürməyə başlayan Marumo 80-ci illərin sonlarında beynəlxalq turnirlərdə iştirak etməyə başlayıb. Yarışlara bir dostunun təşviqi ilə qatıldığını bildirən idmançı: “Beynəlxalq rəqib olacağımı heç gözləmirdim”, – deyə bildirib.

Marumonun həyatı təkcə idmanla deyil, həm də maraqlı təcrübələrlə doludur. O, İkinci Dünya Müharibəsi zamanı 15 yaşında kamikadze pilotu olmaq üçün könüllü oldu, lakin onun radio operatoru kimi xidmət edəcəyi təyyarə müharibənin bitməsi səbəbindən heç havaya qalxmadı. Müharibədən sonra ailəsinin təsərrüfatına qayıdan Marumo Yaponiyada nadir növ olan turp yetişdirilməsini kəşf edərək kənd təsərrüfatı sektoruna mühüm töhfə verdi. Bu nailiyyətinə görə o, 1970-ci ildə İmperator Hirohito tərəfindən mükafatlandırılmışdır.

Gündəlik məşqləri çərçivəsində buz konki sürməyə başlayan və sonradan bunu həvəsə çevirən Marumo növbəti hədəfini də açıqlayıb. 100 yaşına qədər yarışlara davam etmək istədiyini bildirib:

“İdman mənim üçün bir həyat tərzidir”, – deyərək əzmkarlığını ifadə edib.

Günel Həsənova

Gununsesi.info