ABŞ prezidenti Donald Tramp noyabrın 1-dən etibarən Çin idxalına əlavə 100 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb. Bununla da ümumi tarif 130 faizə çatacaq.
Gununsesi.info xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında məlumat verib.
O, həmçinin “kritik proqram təminatı”nın ixracına nəzarətin gücləndiriləcəyini, lakin məhdudiyyətlərin hansı texnologiyalara şamil olunacağını dəqiqləşdirməyib.
Yeni qərar Çinin nadir torpaq metallarının ixracına dair qaydaları sərtləşdirməsi fonunda qəbul edilib. Tramp daha əvvəl APEC sammiti çərçivəsində Çin prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ləğv edərək “bunun artıq əsasının qalmadığını” bildirmişdi.
Trampın açıqlamasından sonra ABŞ fond bazarında əsas indekslər ucuzlaşıb — Dow Jones 1,9%, S&P 500 2,7%, Nasdaq isə 3,5% geriləyib.
ABŞ-ın Ticarət Nümayəndəsi Cemison Qrır Fox News-a bildirib ki, Vaşinqton lazım gələrsə Çinlə ticarət müharibəsinə hazırdır. Onun sözlərinə görə, Pekin “ədalətsiz ticarət təcrübələrini dəyişərsə”, iki ölkə balanslı münasibətlər qura bilər.
Yeni tariflər Trampın 2025-ci ilin aprelində başladığı ticarət qarşıdurmasının davamı olacaq.
Şəbnəm











