Kaliforniyada vitse-prezidentin korteji üzərində artilleriya mərmisi partlayıb

Kaliforniyada ABŞ-ın vitse-prezidenti Cey Di Vansın korteji üzərində 155 mm-lik artilleriya mərmisi partlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə Camp Pendleton hərbi bazasında Dəniz Piyadaları Korpusunun 250 illiyi münasibətilə keçirilən nümayiş atəşi zamanı baş verib.

Partlayış nəticəsində mərminin qəlpələri kortejdəki motosikletə və Kaliforniya Şosse Patrulunun avtomobilinə ziyan vurub. Həqiqi güllələrdən istifadə edilən atışma zamanı ümumilikdə 60-a yaxın atəş açılıb. Hadisə zamanı heç kim xəsarət almayıb.

Kaliforniya qubernatoru Qavin Nyusom yolun sıx hərəkətli hissəsində atışmaların aparılmasına etiraz edib, lakin hərbçilər bunu təhlükəsiz hesab ediblər. Yolun bağlanması nəticəsində magistralda ciddi tıxac yaranıb.

Camp Pendleton bazasının sözçüsü, podpolkovnik Lindsey Pirek bildirib ki, hərbçilər mərminin qəfil partlamasının səbəbini araşdırır və gələcək təlimlərdə bu məlumatdan istifadə edəcəklər.

 

 

Günay

Gununsesi.info