Taekvondo üzrə gənc idmançı, Məryəm Məlikzadə Rövşən qızı (12.04.2014) həm dərslərini, həm də məşqlərini uğurla davam etdirən azyaşlı idmançılardandır. Məryəm qısa müddətdə bir çox uğurlara imza atıb.
O, Gəncə və Ağsu şəhərləri klubları arasında keçirilən yoldaşlıq görüşlərində 1-ci yerə layiq görülərək qızıl medal qazanıb. Eyni zamanda, Respublika çempionatında 48 kq çəki dərəcəsində çıxış edərək birinci yerin sahibi olub.
Taekvondo Federasiyası Məryəmi Avropa çempionatında iştirak üçün dəvət edib və o, bu məqsədlə intensiv məşqlərə qatılıb. Məryəm həm təhsilini davam etdirib, həm də idmandan uzaq qalmayıb:
“Mən dərsə gedib ev tapşırıqlarımı yerinə yetirirdim, sonra məşqə gedirdim. Çox istəyirdim ki, Azərbaycanı Avropada təmsil edim, qələbə qazanım və bayrağımızı ucaldım,” – deyə Məryəm bildirib.
Arzusuna bu dəfə çata bilməsə də, Məryəm ümidini itirmir və qarşıdakı yarışlara hazırlaşır:
“Təəssüf ki, bu dəfə alınmadı, amma ümidimi kəsmirəm. Gələn çempionatda iştirak edib uğur qazanmaq istəyirəm.”
Məryəm kimi iddialı və vətənpərvər uşaqların uğurları cəmiyyət üçün nümunə olmalıdır. Belə gənclərin qarşısında duran maddi çətinliklərin aradan qaldırılması və federasiyanın dəstəyinin gücləndirilməsi vacibdir.
Azərbaycanda idmana verilən diqqət fonunda bu kimi istedadlı uşaqlara daha geniş imkanlar yaradılmalıdır ki, onlar ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etsinlər.
Günay












