Şəkərölçən testlərdən şikayət var

  • Müəllif: Ayshan
  • 04 Dekabr 2025 23:10

Şəkər xəstələrinə paylanan test çubuqlarının nəticələri onları çaşdırır. Bəzi vətəndaşlar bildirirlər ki, son aylarda verilən testlər əvvəlki ilə müqayisədə fərqli nəticələr göstərir və bu isə xəstələrin müalicə prosesinə ciddi təsir edir.

Gununsesi.infoya şikayət ünvanlayan Gülmirə Orucova da hər gün o rəqəmlərə ümid bağlayan yüzlərlə xəstədən biridir.

Onun sözlərinə görə, test çubuqlarındakı fərqlər o qədər böyükdür ki, hansı göstəricinin doğru, hansının yanlış olduğunu ayırd etmək çətinləşir.

Bu isə həm dərman qəbuluna, həm də müalicə prosesinə ciddi risk yaradır.

“Artıq 10 ilə yaxındır ki, şəkər xəstəsiyəm. Son üç il ərzində bizə verilən şəkər ölçmək üçün test çubuqlarının nəticəsini düzgün alınmasına görə 3 ay qabaq – avqust ayında verilən test çubuğu ilə noyabr ayında verilən test çubuqlarının fərqini müqayisə etdim. Yeni test çubuğu ilə şəkərimi ölçəndə 364, avqust ayında verilən test çubuğu ilə şəkərimi ölçəndə 286 oldu”.

O qeyd edib ki, fərqlər tək bir ölçü ilə bitmir. Müxtəlif test çubuqlarını müqayisə edəndə nəticələr arasında ciddi uyğunsuzluqlar ortaya çıxır.”

 

Qaldırılan iddialarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə ( TƏBİB) müraciət etdik.

 

Qurumdan məsələnin araşdırılacağı bildirildi.

 

Şəkər xəstələri isə ümid edirlər ki, test çubuqlarındakı uyğunsuzluqlar qısa zamanda aradan qaldırılacaq. Çünki hər göstəricinin iki dəfə təkrarlandığı bir şəraitdə nə müalicəyə dəqiq istiqamət vermək olur, nə də xəstə öz vəziyyətinə tam əmin ola bilir.

Ayşən

Gununsesi.info