Sumqayıtda pediatriya üzrə beynəlxalq konfrans keçirilib

Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə Azərbaycan Pediatrlar Assosiasiyasının təşkilatçılığında Heydər Əliyevin anım gününə həsr olunmuş “Pediatriyada müasir yanaşmalar və multidisiplinar inteqrasiya” mövzusunda konfrans Sumqayıt şəhərində baş tutub.

Tədbirdə millət vəkilləri, Türkiyə və Azərbaycanın tanınmış pediatrları, alimləri və həkimləri iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin heykəli önünə əklil qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Konfransda pediatrik xidmətin müasir çağırışları, multidisiplinar yanaşma, erkən diaqnostika və innovativ müalicə üsulları müzakirə olunub. Həmçinin autizm, epilepsiya, uşaqlarda qida çatışmazlığı və digər pediatrik mövzularda məruzələr təqdim edilib.

Tədbir yerli və beynəlxalq təcrübə mübadiləsinə şərait yaradaraq, uşaq sağlamlığı sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Konfransda həmçinin Azərbaycan Pediatrlar Assosiasiyasının 95 illik yubileyi qeyd olunub, təşəkkürnamələr təqdim edilib və Ulu Öndər Heydər Əliyevin həyatını əks etdirən film nümayiş olunub.

 

Firuzə

Gununsesi.info