“Ermənistanın dəmir yolu planları sülh gündəminə ziddir” -DEPUTAT

Ermənistanın baş naziri Nikol Paşinyan “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinə Türkiyə və Azərbaycana gedən marşrutlar üzrə sərhəd dəmir yolu hissələrini təcili bərpa etməyi tapşırıb.

O hökumətin iclasından sonra keçirilən brifinqdə verdiyi açıqlamaya görə, sərəncam Arazdəyəndən Azərbaycanla (Naxçıvan), həmçinin Qarakilsədən (Abaran) Türkiyə ilə sərhədə qədər olan hissəyə aiddir.

“Gələcəkdə, mən yəqin ki, Karvansara (İcevan)-Qazax bölməsi ilə bağlı oxşar məsələ qaldıracağam, çünki onun sürətli bərpasına ehtiyac var”, – deyə Paşinyan qeyd edib.

O, ümid etdiyini bildirib ki, rusiyalı tərəfdaşları bu sərəncamı tez bir zamanda icra etməyə başlayacaqlar.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, Paşinyanın “Trip marşrutu” və İcevan–Qazax dəmir yolu xətlərinə Rusiya şirkətlərinin cəlb oluna biləcəyi ilə bağlı açıqlaması ciddi suallar doğurur.

Onun fikrincə bu bəyanat “Trip marşrutu” üzrə artıq mövcud olan üçtərəfli razılaşmalar fonunda ziddiyyətli görünür və marşrutun ilkin konfiqurasiyasına uyğun gəlmir.

“Bir tərəfdən Azərbaycan humanist addımlar ataraq Ermənistana taxıl və neft məhsulları göndərir və sülh gündəminə sadiqliyini nümayiş etdirir. Digər tərəfdən isə Ermənistan Avropa İttifaqı ilə imzaladığı sənədlər və “sülh kəsişimi” adlandırdığı layihələrlə Azərbaycan və Türkiyəni prosesdən kənarda saxlamağa çalışır”,-deyə deputat əlavə edib.

Deputat hesab edir ki, bu yanaşma mövcud geosiyasi və geoiqtisadi reallıqlarla ziddiyyət təşkil edir və sülh gündəminə zərbə vurur:

“Diplomatik kanallarla Ermənistana müvafiq siqnallar verilsə də, prosesin həssas mərhələdə olduğu nəzərə alınaraq, rəsmi İrəvanın daha ehtiyatlı və konstruktiv mövqe nümayiş etdirməsi vacib hesab olunur”.

 

 

Şəbnəm

Gununsesi.info